Fransanın paytaxtı Parisdə keçirilən XVII Yay Paralimpiya Oyunlarına yekun vurulub.
Azərbaycan nüfuzlu turnirdə 7 növdə 18 idmançı ilə təmsil olunub. Yığmamız Paris-2024 Yay Paralimpiya Oyunlarını 11 medalla (4 qızıl, 2 gümüş, 5 bürünc) başa vurub. Ölkəmiz medal sıralamasında 169 ölkə arasında 28-ci yeri tutub.
Qürurverici haldır ki, mötəbər yarışda mükafata layiq görülmüş paralimpiyaçıların hamısı “Neftçi” İdman Klubunun təmsilçiləridir. Qeyd edək ki, idmançılarımızdan İmaməddin Xəlilov (parataekvondo, 70 kq), Səid Nəcəfzadə (T12 kateqoriyası), Orxan Aslanov (T13 kateqoriyası, hər ikisi uzunluğa tullanma) qızıl, Lamiyə Vəliyeva qızıl (100 metr məsafəyə qaçış) və gümüş (400 metr məsafəyə qaçış), Raman Saley gümüş (100 metr məsafəyə arxasıüstə üzmək) və 2 bürünc (100 metr məsafəyə sərbəst və “butterfly” üsulla üzmək), Sabir Zeynalov (parataekvondo, 58 kq), Vəli İsrafilov (100 metr məsafəyə brass üsulu ilə üzmək) və İlham Zəkiyev (paracüdo, +90 kq) isə bürünc medala sahib olub.