Bu gün SOCAR-ın dəstəyi, “Neftçi” İdman Klubunun təşkilatçılığı ilə neft, qaz və kimya sənayesi müəssisələrinin əməkdaşları arasında baş tutacaq “Əsrin müqaviləsi”nin 30 illiyinə həsr olunmuş SOCAR-2024 minifutbol turnirinin püşkatma mərasimi keçirildi. “Neftçi” İdman Klubunun idarəetmə aparatının binasında təşkil olunan tədbirdə öncə qurumun idman və sağlamlıq məsələləri üzrə baş meneceri Elmar Babanlı mərasim iştirakçılarına klub rəhbərliyinin salamlarını çatdırdı və onlara ən xoş istəklərini diləyərək, gələcək yarışlarda uğurlar arzuladı. Ardınca o, iştirakçılara turnirin keçirilmə qaydaları haqda geniş məlumat verdi.
Daha sonra yarışın Əsasnaməsinin bölmələri müəssisələrin idman təlimatçılarının fəal iştirakı ilə müzakirə olundu, onların təklif və rəyləri dinlənildi. Sonda turnirin püşkatması həyata keçirildi. Püşkatmanın nəticəsinə əsasən, 26 komanda hər qrupda 4, ikisində isə 5 olmaqla 6 qrupda mübarizə aparacaq. Qrup mərhələsində birinci və ikinci yeri tutmuş komandalar final mərhələsinə vəsiqə qazanacaq.
“Əsrin müqaviləsi”nin 30 illiyinə həsr olunmuş SOCAR-2024 minifutbol turniri avqust ayının 17-dən sentyabrın 21-dək davam edəcək.
Oyunlar hər həftənin şənbə və bazar günləri Bakı Olimpiya Stadionunun örtülü meydançalarında baş tutacaq. Yarışın açılış mərasimi isə avqustun 17-si saat 9:00-da həmin ünvanda təşkil olunacaq.