Həmkarlar
İttifaqı Respublika Şahmat və Dama Klubunda 64 xanalı dama üzrə kişilər və
qadınlar arasında Bakı şəhər çempionatı keçirilib. İsveçrə sistemi ilə keçirilən
7 turluq yarışda 24 idmançı bacarığını nümayiş etdirib.”Neftçi
İdman Klubu”nun damaçıları paytaxt yarışının 2 qızıl və 1 bürünc medalını
qazanıblar. Təmsilçilərimizdən beynəlxalq usta Pərviz Həsənov kişilərin
yarışında 14 mümkün xaldan 12-ni toplayıb və qızıl medala sahib olub. Famil
Kamilli (10 yaşa qədər oğlanlar arasında dördqat Avropa və dünya çempionu) isə
11 xalla 2-3-cü yerləri bölüşdürüb. Ancaq əlavə göstəricilərə görə idmançımız
3-cü sırada qərarlaşıb. Zərif cinsin nümayəndələri arasında idman ustası Ülkər
Babanlı (10 yaşadək qızlar arasında Avropa çempionu) topladığı 8 xalla fəxri
kürsünün ən yüksək pilləsinə qalxıb.Qeyd
edək ki, hər üç idmançımız oktyabrda keçiriləcək Azərbaycan çempionatında iştirak etmək hüququ qazanıb.