Braziliyanın
Rio de Janeyro şəhərində keçirilən XXXI Yay Olimpiya Oyunlarına yekun vurulub.Olimpiadanın
son günlərində təşkil olunan sərbəst güləş yarışlarında “Neftçi İdman Klubu”nun
yetirmələri böyük uğura imza atıblar. Belə ki, güləşçilərimiz mötəbər yarışın 1
gümüş və 1 bürünc medalına sahib olublar.57 kq
çəki dərəcəsində mübarizə aparan ikiqat dünya çempionu Hacı Əliyev səkkizdəbir
finalda Koreya idmançısı Yunsik Yunla üz-üzə gəlib və qələbə qazanaraq dörddəbir
finala yüksəlib. Bu mərhələdə gürcüstanlı Vladimir Xinçeqaşvili ilə qarşılaşan
güləşçimiz məğlub olub. Ancaq rəqibin finala yüksəlməsi ilə Hacı təsəlliverici
görüşlərə qatılmaq imkanı qazanıb. Bu qarşılaşmada Qazaxıstan təmsilçisi
Nurislam Sanayev üzərində qələbə qazanan idmançımız bürünc medal uğrunda görüşdə
bolqarıstanlı Vladimir Dubovla üz-üzə gəlib. Rəqibini təmiz qələbə ilə məğlub
edən Hacı Əliyev Rio Olimpiadasının bürünc medalına yiyələnib.Hacı
Əliyev qələbədən sonra bunları söyləyib: “Olimpiya Oyunlarında ustalıqla
yanaşı, şans da rol oynayır. Bir çox idmançı bu Olimpiya Oyunlarında məğlub
oldu. Mən rəqibim Gürcüstan təmsilçisinə uduzacağıma inanmırdım. Çünki ona
qalib gələcəyimə dair güclü hissim var idi. Olimpiya Oyunlarında həmişə belə
sensasiyalar baş verir. Ən əsası odur ki, “Rio-2016”nı medalsız başa vurmadım”.Olimpiadanın
son günündə klubumuzun daha bir yetirməsi, Olimpiya çempionu Toğrul Əsgərov (65
kq) mükafat uğrunda mübarizəyə qoşulub. O, səkkizdəbir finalda ukraynalı Andrey
Kvyatovsk üzərində 12:2 hesabı ilə təmiz qələbə qazanıb. İdmançımız dörddəbir
finalda ABŞ təmsilçisi Frank Anyello Molinaronu da təmiz qələbə ilə (10:0) məğlub
edərək yarımfinala yüksəlib. Bu mərhələdə italiyalı Frank Çamizonu üstələyən
London Olimpiadasının qalibi finala vəsiqəni təmin edib. Həlledici görüşdə
rusiyalı Soslan Ramonova məğlub olan güləşçimiz XXXI Yay Olimpiya Oyunlarının gümüş medalına sahib olub.Toğrul
Əsgərov yarışdan sonra jurnalistlərə açıqlama verib: “Olimpiya Oyunlarından
medalla qayıtmaq uğur sayılmalıdır. Əlbəttə, çox istəyirdim ki, qızıl medal
qazanım. Görüşün əvvəlində rəqibin bilmirəm başı, ya çiyni almacıq sümüyümə dəydi.Bir an içində gözüm qaraldı, heç nəyi görmürdüm, heç nəyi
hiss etmirdim. Özümə gəlməyə macal da tapmadım. Həkimə müraciət edə bilərdim.
Amma nə baş verdiyini heç anlamadım. Sırf təsadüf nəticəsində bu talesizliyi
yaşadım. Özümə gələndə artıq gec idi. Onunla rəqabətdə qalib gəlib psixoloji
üstünlük əldə etmişdim. Yenə də medalsız qayıtmadığım üçün şükürlər edirəm. Ötən
dövrdəki zəhmətim, məşqçilərimin zəhməti, əziyyəti hədər getmədi. Amma qızılı əldən
verdim və buna görə təəssüflənirəm. Hələ də özümə gələ,
bunu özümə bağışlaya bilmirəm”.Beləliklə,
“Neftçi İdman Klubu”nun yetirmələrinin Rio Olimpiadasında qazandıqları
medalların sayı beşə çatıb. Xatırladaq ki, mötəbər yarışın əvvəlki günlərində
cüdoçularımız Rüstəm Orucov (73 kq) və Elmar Qasımov (100 kq) gümüş, yunan-Roma
güləşçimiz Rəsul Çunayev (66 kq) isə bürünc medala yiyələnmişdi.