Avqustun 3-də Lökbatan qəsəbəsində yerləşən Qaradağ
Təlim-İdman Bazasında klubun təşkilatçılığı ilə futbol məşqçilərinin növbəti ənənəvi
seminarı öz işinə başlayıb. Ayın 7-dək davam edəcək seminarın keçirilməsində əsas
məqsəd məşqçiləri metodiki cəhətdən daha yaxşı hazırlamaq, onların futbol
bilgilərini təkmilləşdirmək, məşqlərin müasir səviyyədə qurulmasına yardım etmək
və nəticədə yeniyetmə istedadlı futbolçuların yetişdirilməsinə nail olmaqdır.”Neftçi İdman Klubu”nun kütləvi bədən tərbiyəsi üzrə
meneceri Akif Məmmədov seminar iştirakçılarını klubun idarəetmə aparatının rəhbəri
Sadıq Sadıqovun adından salamladı və onlara yeni, 2016/2017 futbol mövsümündə
uğurlar dilədi. O, tədbir iştirakçılarına müxtəlif yaş qruplarında yaxşı, güclü
futbolçuların yetişdirilməsinin, bunun üçün isə uşaqlarla səmimi və dost
münasibətində olmalarının vacibliyini söylədi. Klub rəsmisi yeni mövsümdə Uşaq
Futbol Məktəbinin daha da inkişaf edəcəyini və məşqlərin yüksək səviyyədə keçməsi
üçün hər cür şəraitin yaradılacağını bildirdi.Klubun kütləvi bədən tərbiyəsi üzrə mütəxəssisi Kərim
Ağayev də çıxışı zamanı uşaq futbolunun əhəmiyyətindən, kiçikyaşlı
futbolçuların seçimi və ələnməsi metodologiyasından söhbət açdı. O, uşaqlar
arasından istedadların üzə çıxarılması və onların qorunmasında dünya təcrübəsindən
nümunələr göstərdi və bundan yararlanmağı məşqçilərə tövsiyə etdi.Futbol məşqçilərinin böyük həvəslə qatıldığı tədbirdə
iştirakçılar nəzəri və praktiki məşğələlərdə, eləcə də verilən sualların
cavablandırılmasında çox aktiv iştirak edirdilər. Seminarda müxtəlif mövzular
müzakirə obyektinə çevrilmişdi. Əsas mövzu isə “Müasir futbolda 4:3:3 sistemi,
onun öyrənilməsi və oyunlarda tətbiq edilməsi” idi. Klubun futbol üzrə baş məşqçisi
Məhərrəm Həsənov mövcud olan sistemlərdən, o cümlədən 4:3:3 sisteminin təsnifatı,
fəlsəfəsi haqqında seminar iştirakçılarına geniş məlumat verdi. Üçbucaqların
yaradılması, dioqanal ötürmələr, künclərə açılmalar, birtoxunuşlu ötürmələr,
“divar paslaşması”, dairəvi kross qaçışlar, driblinqlər, cinah müdafiəçilərinin
və yarımmüdafiəçilərin hücumla bağlı qərarları, möhkəmləndirmə, yarıb keçmək və
tamamlamaq məqsədi ilə futbolçuların davranışı, cinahlardan hücumların təşkili
və digər mövzularda həm nəzəri, həm də praktiki məşqlər keçirildi.Qeyd edək ki, növbəti günlərdə seminar
iştirakçıları “Zəncirvari təlim sistemi və onun tərkib hissələri”, “Futbolda
güc məşqi nəyə görə lazımdır?”, “Güc məşqini idarəetmək
üçün əsas kriteriyalar”, “Periodlaşdırmanın əsas kriteriyaları”, “İntermitasiya
məşqləri nədir?” mövzularında müzakirələri davam etdirəcək və təcrübə mübadiləsi
aparacaqlar.