“Neftçi İdman Klubu” İctimai Birliyi ölkənin öncül
idman qurumlarındandır. Klubumuzun yetirmələri qazandıqları uğurlarla bunu daim
sübut etməkdədirlər. Atletlərimiz bu ilin ilk yarısında əldə etdikləri
medalların sayına görə yenə də liderliyi qoruyub saxlayıblar.Klubun idmançıları ilin ilk altı ayı ərzində ölkədaxili
və beynəlxalq səviyyəli yarışlarda böyük əzmkarlıq nümayiş etdirərək, 293-ü
qızıl, 221-i gümüş və 257-si bürünc olmaqla, ümumilikdə 771 medala sahib
olublar. Atletlərimiz dünya yarışlarında 7 (3 qızıl, 3 gümüş, 1 bürünc), Avropa
yarışlarında 66 (27 qızıl, 9 gümüş, 30 bürünc), beynəlxalq
turnirlərdə isə 179 medal (62 qızıl, 60 gümüş, 57 bürünc) qazanıblar. Respublika
səviyyəli yarışlarda 224 medala (92 qızıl, 57 gümüş, 75 bürünc) yiyələnən
idmançılarımız, paytaxt yarışlarında 178 (57 qızıl, 60 gümüş, 61 bürünc), digər
yarışlarda isə 117 (52 qızıl, 32 gümüş, 33 bürünc) dəfə fəxri kürsüdə yer
alıblar.