İsmayıllı rayonunda keçirilən şose velosipedinin Olimpiya növləri üzrə
Azərbaycan çempionatına yekun vurulub.”Neftçi İdman Klubu”nun velosipedçiləri yarışda böyük əzmkarlıq
nümayiş etdirərək uğurlu nəticələr əldə ediblər. İdmançılarımızdan Elçin Əsədov
fərdi ötüşmədə 35 kilometr məsafənin qətində 47 dəqiqə 43 saniyə nəticə ilə
yaşı 23-dək olan və “Elit” kateqoriyasında təmsil olunan velosipedçilər
arasında Azərbaycan çempionu adını qazanıb. O, 164 kilometr məsafəyə qrup ötüşməsində
isə 4 saat 32 dəqiqə 58 saniyə nəticə göstərərək 3-cü yeri tutub. Samir Cəbrayılov
bu kateqoriyada keçirilən yarışlarda fərdi ötüşmədə 3-cü (49 dəqiqə 33 saniyə),
qrup ötüşməsində isə 2-ci olub – 4 saat 32 dəqiqə 56 saniyə.Asif Həsənovun daha iki yetirməsi çempionatın mükafatlarına layiq
görülüb. Onlardan Mahmud Məmmədov fərdi ötüşmədə 20 kilometri 31 dəqiqə 48
saniyəyə qət edib və gümüş medala sahib olub. Vüqar Nəsibov isə 70 kilometr məsafəyə
qrup ötüşməsində 2 saat 4 dəqiqə 20 saniyə nəticə göstərərək fəxri kürsünün
3-cü pilləsində qərarlaşıb.Qeyd edək ki, yarışın nəticələri Beynəlxalq Velosipedçilər
İttifaqının idmançılar üçün müəyyənləşdirdiyi reytinq cədvəlində nəzərə
alınacaq.