“Neftçi
İdman Klubu” İctimai Birliyi SOCAR-ın neft, qaz və kimya sənayesi müəssisələrinin
işçiləri və onların ailə üzvlərinin sağlamlıqlarının qorunmasını özünün
prioritet məsələlərindən hesab edir. Odur ki, qurum ilboyu onlar arasında müxtəlif
idman növləri üzrə yarışlar təşkil edir və onların asudə vaxtlarının səmərəli
keçməsinə yardımçı olur.Aprelin
27-də klubumuz neft, qaz və kimya sənayesinin işçiləri və digər təşkilatlar arasında
növbəti – səmti müəyyən etmə üzrə ilin ilk açıq turizm yarışını gerçəkləşdirdi.
Bakı Atıcılıq Mərkəzi ilə Xocəsən gölünün arasındakı meşə zolağında keçirilən
yarışda Geofizika və Geologiya-1, Geofizika və Geologiya-2, N.Nərimanov adına
NQÇİ, Qaz Anbarlarının İstismarı İdarəsi, Maddi-Texniki Təchizat İdarəsi, Heydər
Əliyev adına Neft Emalı Zavodu, “Abşeronneft” NQÇİ, “Qaz İxrac” İdarəsi və “28
May” NQÇİ-nin komandaları iştirak edirdilər.Yarışın
keçirilməsində əsas məqsəd səmti müəyyən etmə idman növünü inkişaf etdirmək,
işçilərə təbii şəraitə uyğunlaşma vərdişlərini aşılamaq, turizm üzrə yarışların
yeni formalarını araşdırmaq və təbliğ etmək, eləcə də “Neftçi İdman Klubu”nun
yığma komandasının üzvlərini müəyyən etmək idi.Öncə
yarışın baş hakimi Nataliya Əliyeva, hakimlər Süleyman Əliyev, Şəhriyar
İsmayılov, Faiq Əliyev və Tatyana Solovyova yarış və onun keçirilmə qaydaları
haqda iştirakçılara məlumat verdilər. Qaydaya görə, komandanın tərkibi 5 nəfərdən
(3 kişi, 1 qadın və 1 nümayəndə) ibarət idi. Komanda yarışında qalib 3 kişi və
1 qadının ən yaxşı nəticəsi ilə müəyyən edilirdi.Yarışın
keçirilmə qaydası isə belə idi: meşə zolağında kişilər üçün 11, qadınlar üçün
isə 10 nəzarət məntəqəsi təyin olunmuşdu. Marşrutun uzunluğu kişilər arasında
3700 metr, qadınlar üçün isə 3100 metr təşkil edirdi. Komanda üzvü start nöqtəsindən
yarışın xəritəsi və kompasla çıxaraq nəzarət nöqtələrini axtarmağa başlayırdı.
Nəzarət nöqtələrində elektron qeydolmadan istifadə olunurdu. İştirakçı elektron
məntəqəni tapdıqdan sonra əlinə keçirilmiş çipi məntəqədə yerləşdirilən
elektron qeydetmə nöqtəsinin içərisinə daxil edir. Bu nöqtə həm vaxtı, həm də
qeydetmə ardıcıllığının düzgünlüyünü qeyd edir. Yarış iştirakçısı nəzarət məntəqələrinin
hamısını ardıcıllıqla tapdıqdan sonra finişə qayıdır və çipini hakimlər
briqadasına təqdim edirdi. Komanda üzvü ən geci iki saat ərzində yarışı sona
çatdırmalı idi. Bunu bacarmayan şəxs yarışdan uzaqlaşdırılırdı. Klub kişilər və
qadınlar arasında fərdi qaliblərə də diplom və mükafatlar təsis etmişdi. Təbii
ki, bu da aktiv yarış iştirakçılarında əlavə ruh yüksəkliyi yaradırdı. Belə ki,
əgər onlar komanda hesabında uduzsalar da, öz şəxsi üstünlükləri hesabına fərdi
yarışların qalibi olmaq şansını qazanmışdılar.Püşkatma
vasitəsilə komandaların mərhələli keçmə ardıcıllığı müəyyən olundu və yarışa
start verildi. İştirakçılar tək-tək yarışırdılar. Hər iki dəqiqədən bir növbəti
komanda üzvü meşə zolağına daxil olur, əlindəki xəritə və kompasın köməyi ilə
axtarışa başlayırdı. Bir məntəqədən digərinə çatmaq üçün iştirakçılar kompas və
xəritə ilə çox dəqiq işləməli idilər. Əks halda, onlar səhv istiqamətə yön ala
bilərdilər. Təbii ki, bütün bunlar komanda üzvlərini daha diqqətli olmağa sövq
edirdi.Beləliklə,
bir neçə saat boyu həyəcan hissi ilə davam edən səmti müəyyən etmə yarışı başa
çatdı. Ümumi nəticələrə görə “Geofizika və Geologiya-1” komandası yarışın qalibi
adını qazandı. “Geofizika və Geologiya-2” komandası 2-ci, Heydər Əliyev adına
Neft Emalı Zavodu isə 3-cü yeri tutdu.Kişilər
arasında Maksim Baxoldin liderliyə yüksəldi. Müslüm İmranlı 2-ci, Şənlik Fətəliyev
isə 3-cü oldu. Qadınların şəxsi yarışında Yekaterina Yakovleva finişə ən tez
çatan iştirakçı oldu. Nataliya Şiyanova 2-ci, Yanina Maşkova isə 3-cü pillədə qərarlaşdı.Bundan
əlavə, “Neftçi İdman Klubu” finişə ən qısa müddətdə çatan iştirakçılar üzrə də
nominasiyalar təyin etmişdi. Kişilər arasında 34,39 dəqiqə nəticə ilə Maksim
Baxoldin, zərif cinsin nümayəndələrindən isə 34,52 dəqiqə nəticə ilə Yekaterina
Yakovleva bu nominasiyaların qalibi adını qazandılar.Tədbirin
sonunda düzənlənən mükafatlandırma mərasimində “Neftçi İdman Klubu”nun kütləvi
bədən tərbiyəsi üzrə meneceri Akif Məmmədov çıxış edərək, bütün yarış
iştirakçılarına və hakimlərə klubun idarəetmə aparatının rəhbəri Sadıq
Sadıqovun salamlarını və xoş arzularını çatdırdı. O, yarışa müxtəlif sahələrdən
insanların qatılmasından məmnunluğunu ifadə etdi. Klub rəsmisi ölkəmizdə idman
və Olimpiya Hərəkatına göstərilən dövlət qayğısından söhbət açaraq,
respublikamızda vətəndaşların sağlamlığına ayrılan diqqəti xüsusi vurğuladı.
Natiq çıxışının sonunda göstərdikləri fəallığa görə iştirakçılara, yarışın yüksək
səviyyədə təşkil olunmasına görə isə hakimlər briqadasına dərin minnətdarlığını
bildirdi və qalibləri təbrik etdi.Ümumi
komanda hesabında və şəxsi yarışlarda (kişilər və qadınlar) 1-ci, 2-ci və 3-cü
yerləri tutmuş iştirakçılar “Neftçi İdman Klubu”nun diplom və xatirə hədiyyələri
ilə mükafatlandırıldılar.