“Neftçi İdman Klubu” neft, qaz və kimya sənayesinin
işçiləri arasında 2016-cı ilin ilk turnirini təşkil etdi. Voleybol üzrə keçirilən
turnir klubun nəzdində fəaliyyət göstərən İdman Zalı Kompleksində baş tutdu.
Beş gün davam edən yarışda 9 komanda iki qrupda mübarizə aparırdı. “A” qrupunda
İnformasiya Texnologiyaları və Rabitə İdarəsi, “Abşeronneft” NQÇİ, Nəqliyyat
İdarəsi, “Neftqaztikinti” Tresti, H.Z.Tağıyev adına NQÇİ, “B” qrupunda isə
“Neft Daşları” NQÇİ, “Qaz İxrac” İdarəsi, “Siyəzənneft” NQÇİ və “28 May”
NQÇİ-nin komandaları yer almışdılar.Turnirin keçirilməsində əsas məqsəd neft, qaz və
kimya sənayesi işçilərinin sağlamlıqlarının qorunması, onların fiziki hazırlıq
və kütləvi idman vərdişlərinin davam etdirilməsi, neftçilər arasında bədən tərbiyəsinin
kütləviliyinin inkişafı və sahə həmkarlar ittifaqlarının respublika
spartakiadasına yığma komandanın komplektləşdirilməsi idi.Qaydaya görə, qruplarda ilk iki yeri tutmuş
komandalar yarımfinala vəsiqə qazanmış hesab olunurdular. Bunu “A” qrupundan
İnformasiya Texnologiyaları və Rabitə İdarəsi ilə Nəqliyyat İdarəsi, “B”
qrupundan isə “Neft Daşları” NQÇİ və “Qaz İxrac” İdarəsinin komandaları
bacardılar. Yarımfinal mərhələsində keçirilən hər iki qarşılaşmada eyni hesab
qeydə alındı. Belə ki, İnformasiya Texnologiyaları və Rabitə İdarəsi “Qaz
İxrac” İdarəsini, “Neft Daşları” isə “Nəqliyyat” komandasını 2:0 hesabı ilə məğlub
etdi. Üçüncü yer uğrunda keçirilən görüşdə Nəqliyyat İdarəsinin komandası daha
yaxşı təsir bağışladı və nəticədə rəqibi “Qaz İxrac” üzərində 2:1 hesablı qələbə
qazandı. Həlledici final qarşılaşmasında turnirin iki ən güclü kollektivi – İnformasiya
Texnologiyaları və Rabitə İdarəsi ilə “Neft Daşları” NQÇİ-nin komandaları üz-üzə
gəldilər. Gərgin mübarizə şəraitində keçən oyunda birincilər daha üstün idilər
və nəinki bu qarşılaşmanın, hətta turnirin favoriti hesab olunurdular. Elə belə
də oldu. Rəqibini nümayiş etdirdiyi gözəl oyunla təzyiq altında saxlamağı
bacaran İnformasiya Texnologiyaları və Rabitə İdarəsi sonda 2:0 hesabı ilə
qalib gəldi.Beləliklə, İnformasiya Texnologiyaları və Rabitə
İdarəsi voleybol turnirinin qalibi adını qazandı. “Neft Daşları” NQÇİ 2-ci, Nəqliyyat
İdarəsinin komandası isə 3-cü yeri tutdu.Turnirdə 1-ci, 2-ci və 3-cü yeri tutmuş komandalara
“Neftçi İdman Klubu” tərəfindən diplom və qiymətli xatirə hədiyyələri təqdim
olundu.