Serbiyanın paytaxtı Belqradda keçirilən güləş üzrə dünya çempionatına yekun vurulub.Mundialın sonuncu günündə “Neftçi” İdman Klubunun Azərbaycan millisinin heyətində təmsil olunan yunan-Roma güləşçiləri daha iki gümüş medala sahib olublar.Mübarizəyə səkkizdəbir finaldan qoşulan Murad Məmmədov (63 kq) amerikalı Xavyer Consona və ermənistanlı Qraçya Poqosyana 3:1 hesabıyla qalib gələrək yarımfinala vəsiqə qazanıb. Bu mərhələdə serbiyalı Georgi Tibilovla qarşılaşan pəhləvanımız 4:1 hesablı qələbəyə sevinib. Murad Məmmədov həlledici görüşdə gürcüstanlı Leri Abuladzeylə qarşılaşıb. Gərgin mübarizə şəraitində keçən görüşdə rəqibinə sonuncu xal prinsipinə əsasən (2:2) məğlub olan idmançımız mötəbər yarışın gümüş medalına layiq görülüb.Klubumuzun digər təmsilçisi Həsrət Cəfərov (67 kq) əvvəlcə meksikalı Edson Qutyerə heç bir şans tanımayıb – 8:0. O, səkkizdəbir finalda macarıstanlı İştvan Vançanın öhdəsindən gəlib – 5:1. Güləşçimiz dörddəbir finalda iranlı Olimpiya və dünya çempionu Məhəmməd Rza Gerayi ilə qarşılaşıb. Titullu rəqibinə tam üstünlüklə (10:0) qalib gələn Həsrət Cəfərov iki il əvvəlki məğlubiyyətin revanşını alıb. İdmançımız yarımfinalda gücünü ermənistanlı Slavik Qalstyana da göstərib – 5:3. Beləliklə, karyerasında ilk dəfə dünya çempionatının finalına yüksələn Həsrət Cəfərov, həm də Paris-2024 Yay Olimpiya Oyunlarına lisenziya qazanıb. O, finalda Tokio Olimpiadasında 60 kiloqram çəkidə qızıl medal qazanmış kubalı Luis Sançeslə üz-üzə gəlib. Hesabda 3:1 önə keçən gənc güləşçimiz bu üstünlüyünü sonadək qoruya bilməyib və 3:4 hesablı məğlubiyyət Həsrət Cəfərovun dünya ikincisi olmasıyla nəticələnib.Qeyd edək ki, daha əvvəl yunan-Roma güləşçilərimizdən Eldəniz Əzizli (55 kq) və Rafiq Hüseynov (82 kq) qızıl, Sənan Süleymanov (77 kq) isə gümüş medala sahib olub. Eyni zamanda, Sənan Süleymanov Paris-2024 Yay Olimpiya Oyunlarına lisenziya əldə edib.