“Neftçi” İdman Klubunun iki cüdoçusu Bakıda keçirilən ümummilli lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunan “Böyük dəbilqə” turnirində uğurla çıxış edərək finala qədər irəliləyib. Milli Gimnastika Arenasında təşkil olunan turnirdə kişilərin yarışında Yaşar Nəcəfov (66 kq), qadınların mübarizəsində isə Leyla Əliyeva (48 kq) bunu bacarıb.Yaşar Nəcəfov həlledici görüşdə yaponiyalı Takeşi Takeoka ilə qarşılaşıb. Güclü rəqibini cəmi 12 saniyəyə ipponla məğlub edən cüdoçumuz mötəbər yarışın qalibi adını qazanıb.Leyla Əliyevanın final qarşılaşmasındakı rəqibi isə italiyalı Skutto Assunta olub. Xanım idmançımız bu görüşdə məğlub olub və gümüş medala layiq görülüb.Qeyd edək ki, “Böyük dəbilqə” turnirində 61 ölkədən 446 idmançı (264 kişi, 182 qadın) qalib adı uğrunda mübarizə aparır.