Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyadda keçirilən ağır atletika üzrə kişilər və qadınlar arasında dünya çempionatı davam edir. Yay Olimpiya Oyunlarına lisenziya xarakterli yarışda 894 atlet (469 kişi + 425 qadın) medallar uğrunda mübarizə aparır.Bu gün “Neftçi” İdman Klubunun təmsilçisi Dadaş Dadaşbəyli (109 kq) “körpücük” üzərinə çıxıb. Atletimiz birdənqaldırmada 180 kiloqramı ram edib və bu hərəkətdə dünya çempionatının bürünc medalını qazanıb. İdmançımız təkanlaqaldırmada 223 kiloqramı başı üzərinə qaldırıb və bu hərəkətdə də dünya çempionatının bürünc medalçısı olub. Toplam 403 kq (180+223) nəticə göstərən Dadaş Dadaşbəyli dünya çempionatının yekun sıralamasında da 3-cü yeri tutaraq fəxri kürsüyə qalxıb.