Bu gün Azərbaycan Cüdo Federasiyasının təşkilatçılığı ilə kişi cüdoçular arasında ACF turunun üçüncü turniri keçirilib. Fövqəladə Hallar Nazirliyinin Hövsan qəsəbəsindəki “Xilasedici” İdman-Sağlamlıq Mərkəzində təşkil olunan yarışda 19 klub, cəmiyyət və idman təşkilatından 48 cüdoçu 7 çəki dərəcəsi üzrə mübarizə aparıb.”Neftçi” İdman Klubunun təmsilçiləri turnirdə inamla çıxış edərək 6 medal (3 qızıl, 1 gümüş, 2 bürünc) qazanıblar və ümumkomanda hesabında birinci yeri tutublar. Cüdoçularımızdan Rövşən Əliyev (60 kq), Telman Vəliyev (73 kq) və Camal Feyziyev (+100 kq) bütün görüşləri qələbə ilə başa vuraraq fəxri kürsünün ən yüksək pilləsinə qalxıblar. Yalnız final görüşündə məğlub olan Rəşad Məmmədov (60 kq) gümüş, Xudabaxış Əliyev və Kamran Qasımov (hər ikisi 73 kq) isə bürünc medala yiyələniblər.