Macarıstanın paytaxtı Budapeştdə keçirilən güləş üzrə reytinq turnirinə yekun vurulub.”Neftçi” İdman Klubunun yunan-Roma güləşçiləri yarışın sonuncu günündə daha 3 medal qazanıblar.İdmançılarımızdan Həsrət Cəfərov (67 kq) qazaxıstanlı Din Qoşqara (12:3), rumıniyalı Mihay Mihuta (3:1) və koreyalı Hansu Ryuya (5:1) qalib gələrək finala yüksəlib. O, həlledici görüşdə Avropa çempionatının finalında məğlub etdiyi gürcüstanlı Coni Xetsuriani ilə qarşılaşıb. Bu dəfə də rəqibindən güclü olan Həsrət Cəfərov 6:1 hesablı qələbəylə turnirin qızıl medalına sahib olub.Ülvü Qənizadə (72 kq) litvalı Kristupas Sleyvaya (6:0), türkiyəli Selçuk Cana (5:5) və qazaxıstanlı Daniyar Kalenova (5:1) qalib gələrək finala yüksəlib. Ancaq yarımfinal görüşündə çiynindən aldığı zədə iranlı Seyid Söhrabiylə güləşməyə imkan verməyib və Ülvü Qənizadə gümüş medalla kifayətlənib.Sənan Süleymanov (77kq) amerikalı Riçard Perkinsə (3:1), finlandiyalı Conni Sarkkinenə (5:1) və gürcüstanlı Yuri Lomadzeyə (10:0) qalib gələrək finala vəsiqəni təmin edib. Təmsilçimiz həlledici görüşdə amerikalı Kamal Beyi də 4:1 hesabıyla üstələyərək turnirin qalibi olub.Xatırladaq ki, daha əvvəl klubumuzun yunan-Roma güləşçilərindən Murad Məmmədov (63 kq) qızıl, Nihat Məmmədli (60 kq) isə bürünc medal qazanıb.