Macarıstanın paytaxtı Budapeştdə güləş üzrə reytinq turniri davam edir.”Neftçi” İdman Klubunun yığmamızın heyətində təmsil olunan yunan-Roma güləşçiləri inamla mübarizə apararaq iki medala sahib olublar.Pəhləvanlarımızdan Murad Məmmədov (63 kq) moldovalı dünya və Avropa çempionu Viktor Çiobanuya (9:0), amerikalı Xavyer Consona (13:3) və litvalı Justas Petraviçyusa (5:1) qalib gələrək finala yüksəlib. İdmançımız həlledici görüşdə koreyalı Jinvunq Junqu 5:1 hesabıyla üstələyərək turnirin qalibi olub.Nihat Məmmədli (60 kq) təsnifat mərhələsində iranlı Omid Aramiyə 1:3 hesabıyla məğlub olub. Rəqib finala yüksəldiyi üçün təsəlliverici görüşdə iştirak hüququ qazanan güləşçimiz qazaxıstanlı Aybek Sabirbekova (10:1) və macarıstanlı Erik Torbaya (8:0) qalib gəlib. Nihat Məmmədli bürünc medal uğrunda qarşılaşmada isə isveçli Vircil Bikaya heç bir şans tanımayıb (10:0) və fəxri kürsünün üçüncü pilləsidə yer alıb.Qeyd edək ki, klubumuzun digər təmsilçisi Eldəniz Əzizli (55 kq) zədələndiyi üçün yarışda iştirak etməyib.