Macarıstanın Kaposvar şəhərində güləş üzrə U-15 Avropa birinciliyi davam edir.”Neftçi” İdman Klubunun yığma komandamızın heyətində yer alan sərbəst güləşçiləri qitə birinciliyinin 2 medalına sahib olublar.Təmsilçilərimizdən Amin Nəsibov (85 kq) startda belaruslu Timur Sakirkinə (10:0), dörddəbir finalda isə komanda yoldaşına qalib gələrək (10:0) yarımfinala yüksəlib. Bu mərhələdə türkiyəli Beytullah Sarı üzərində qələbə qazanan (8:5) idmançımız finala vəsiqəni təmin edib. Amin Nəsibov həlledici görüşdə rusiyalı rəqibi Kantemir Qiqiyevə məğlub olub (0:10) və Avropa birinciliyinin gümüş medalına layiq görülüb.Klubumuzun digər pəhləvanı Rəşid Nazarov (41 kq) moldovalı İvan Boqdana və belaruslu Aleksandr Medvedevə 10:0 hesabıyla qalib gələrək yarımfinala yüksəlib. İdmançımız finalın bir addımlığında Çingiz Sarıqlara “tuş”la məğlub olub. Rəşid Nazarov bürünc medal uğrunda qarşılaşmada gürcüstanlı Levan Nozadze üzərində vaxtından əvvəl qələbə qazanaraq (10:0) fəxri kürsünün üçüncü pilləsində yer alıb.