İspaniyanın Santyaqo de Kompostela şəhərində güləş üzrə U-20 Avropa birinciliyi davam edir.”Neftçi”İdman Klubunun yunan-Roma güləşçiləri bu gün qitə birinciliyinin üç medalına yiyələniblər.Pəhləvanlarımızdan Elmir Əliyev (55 kq) çətinlik çəkmədən finala yüksəlib. O, ispaniyalı Xames Kastano (9:0), fransalı İliyan Aynau (7:0), türk Muhammet Emin Çakır (10:1) və ermənistanlı Homeros Arakelyan (8:0) üzərində böyük hesablı qələbə qazanıb. Elmir Əliyev finalda ukraynalı rəqibi Marko Voloşinə də tam üstünlüklə (10:0) qalib gələrək dördüncü dəfə Avropa çempionu olub.Fəraim Mustafayev (63 kq) bolqarıstanlı Xristiyan İvanova 9:0 hesabı ilə qalib gələrək dörddəbir finala yüksəlsə də, ermənistanlı Yurik Hoveyanla gərgin mübarizə şəraitində keçən qarşılaşmadan məğlub ayrılıb – 5:8. Rəqib finaladək irəlilədiyi üçün idmançımız təsəlliverici görüşdə iştirak hüququ qazanıb. Fəraim Mustafayev burada çexiyalı Matous Yankeviçi mübarizədən kənarlaşdırıb – 3:0. O, türkiyəli Furkan Erkenə də 13:10 hesabı ilə qalib gələrək bürünc medala layiq görülüb.Davud Məmmədov (77 kq) səkkizdəbir finalda ermənistanlı Vahe Hovannisyana şans tanımayıb – 7:1. Güləşçimiz növbəti mərhələdə ukraynalı Ruslan Abdiyevdən güclü olub – 4:2. O, yarımfinalda bolqarıstanlı Martin Dimitrovu da üstələyərək (7:1) adını Avropa çempionatının finalına yazdırıb. Davud Məmmədov həlledici görüşdə rumıniyalı Aleksandru Soloveyə 5:7 hesabıyla məğlub olub və gümüş medala sahib olub.