«Neftçi” İdman Klubunun təşkilatçılığı ilə neft, qaz və kimya sənayesi müəssisələrinin işçiləri və onların ailə üzvləri arasında keçirilən 1 İyun – Uşaqların Beynəlxalq Müdafiəsi Gününə həsr olunmuş «Atam, anam və mən» idman-turizm yarışı sona yetib. İyunun 23-də start götürən və üç gün davam edən yarış Quba rayonunda təşkil olunub.Ailə komandaları arasında oğlanların yarışında Musayevlər ailəsi (Neft Kəmərləri İdarəsi) turnirin qalibi adını qazanıb. Əliyevlər ailəsi (Nəqliyyat İdarəsi) ikinci, Şahmuradovlar ailəsi («Neftqaztikinti» Tresti) isə üçüncü yeri tutub. Qızlar arasında Quliyevlər ailəsi (“Azərkimya” İstehsalat Birliyi) bütün komandaları üstələyərək liderliyə yüksəlib. Cəfərovlar ailəsi (“SOCAR Polimer”) ikinci, Əsgərovlar ailəsi (EKOL) isə üçüncü yerə çıxıb.Turnirin növbəti günü uşaqlar arasında «Şən startlar» əyləncəli yarışı təşkil olunub.Tədbirin sonunda qalib və mükafatçı komandalara “Neftçi” İdman Klubu tərəfindən diplom və xatirə hədiyyələri təqdim olunub. Sonra «ən kiçik turist», «ən fəal turist» və «ən qocaman turist» nominasiyalarının qalibləri də mükafatlandırılıb. Bu nominasiyaların qalibi adına müvafiq olaraq Yusif Quluzadə, Almaz Ağayeva və Adil Abbasov layiq görülüblər.Daha sonra yarışda iştirak edən bütün uşaqlara bayram hədiyyələri təqdim olunub.