“Neftçi” İdman Klubunun yunan-Roma güləşçisi Mahir Qurbanlı (110 kq) Albaniyanın paytaxtı Tiranada keçirilən U-17 Avropa birinciliyində bürünc medala yiyələnib. Yeniyetmə pəhləvanımız ilk görüşdə polşalı Yakub Liseki (5:2) mübarizədən kənarlaşdırsa da, dörddəbir finalda rusiyalı Yevgeni Repkinə 1:4 hesabıyla məğlub olub. Rəqib finala yüksəldiyi üçün Mahir Qurbanlı təsəlliverici görüşə qatılıb və slovakiyalı Andreas Kern üzərində 4:2 hesablı qələbə qazanıb. İdmançımız bürünc medal uğrunda qarşılaşmada finlandiyalı Tomas Rusini sonuncu xal prinsipinə əsasən (1:1) məğlub edib və fəxri kürsünün üçüncü pilləsində yer alıb.