Qırğızıstanın paytaxtı Bişkekdə keçirilən güləş üzrə reytinq seriyasının üçüncü mərhələsinə yekun vurulub.”Neftçi İdman Klubu”nun sərbəst güləşçisi Turan Bayramov (74 kq) yarışda əzmlə mübarizə apararaq fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. İdmançımız ilk görüşdə çinli Fenq Lu (7:0), dörddəbir finalda isə türk Olimpiya və ikiqat dünya üçüncüsü, üçqat Avropa çempionu Soner Demirtaş üzərində (10:5) inamla qələbə qazanıb və yarımfinala yüksəlib. O, bu mərhələdə yığmamızın üzvü Xadjimurad Qadjiyevlə üz-üzə gəlib. Komanda yoldaşını 7:4 hesabı ilə məğlub edən pəhləvanımız finala vəsiqəni təmin edib. Həlledici görüşdə isə Turan Bayramovun rəqibi yığmamızın digər üzvü Cəbrayıl Qadjiyev olub. Gərgin keçən qarşılaşmadan 2:1 hesablı qələbə ilə ayrılan güləşçimiz turnirin qızıl medalına sahib olub.