Bu gün Azərbaycanda Müstəqillik Günü qeyd olunur.28 May 1918-ci il tarixində müsəlman Şərqində ilk dünyəvi demokratik dövlət olan Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasından 105 il ötür.1918-ci il mayın 28-də Azərbaycan Xalq Cümhuriyyəti (1918-1920) – müsəlman Şərqində ilk dünyəvi demokratik dövlət yaradılıb. Bu respublika azərbaycanlıların tarixi yaddaşında Azərbaycan dövlətçiliyinin ilk təcrübəsi kimi iz qoyub.Məhəmməd Əmin Rəsulzadə tərəfindən əsası qoyulan Azərbaycan Xalq Cümhuriyyəti türk və İslam dünyasında ilk parlamentli cümhuriyyət və ilk demokratik, hüquqi və dünyəvi dövlət nümunəsi idi.Azərbaycan müvəqqəti hökumətinin ilk başçısı isə Fətəli Xan Xoyski idi. 10 gün Milli Şura Tiflisdə işlədikdən sonra Gəncəyə köçürülüb. Yalnız 1918-ci ilin sentyabrında Türkiyə ordusunun rəhbərliyi ilə – Bakı daşnak-rus qüvvələrdən təmizləndikdən sonra milli hökumət Gəncədən Bakıya köçüb.Müstəqil Azərbaycan Cümhuriyyəti qısa ömründə böyük nailiyyətlər və qalibiyyətlər əldə edib. İlk dəfə qadınlara seçim hüququ tanıyan və qadın–kişi bərabərliyini təmin edən cümhuriyyət o cümlədən milli ordu, milli pul, demokratlaşma, milli bank, azad seçkilər, beynəlxalq əlaqələr və beynəlxalq ictimaiyyət tərəfindən Azərbaycan istiqlalının rəsmiyyətdə tanınması, Azərbaycanın bütövlüyünü təmin etmək, iqtisadi islahat və s. müstəqil Azərbaycan Cümhuriyyəti təmin edib.Azərbaycan Demokratik Cümhuriyyətini rəsmi surətdə tanıyan ilk dövlət Osmanlı dövləti olub (4 iyun 1918-ci il).1918-ci il 9 noyabr tarixində M.Ə.Rəsulzadənin təklifi əsasında Azərbaycan Demokratik Cümhuriyyətinin üç rəngli bayrağı qəbul edilib. O zamana qədər Azərbaycan Demokratik Cümhuriyyətinin bayrağı qırmızı rəngdəydi.Azərbaycan Demokratik Cümhuriyyəti gərgin və mürəkkəb ictimai-siyasi şəraitdə cəmi 23 ay fəaliyyət göstərə bilib. Təəssüflər olsun ki, müstəqil Azərbaycan Cümhuriyyəti iki yaşına çatmadan bolşeviklərin hücumuna məruz qalıb və müvəqqəti olaraq devrilib. Sovetlər Birliyi Azərbaycanı məcburi surətdə öz tərkibinə daxil edib. Bolşeviklər tərəfindən devrilməsinə baxmayaraq, istiqlal ideyası yenilməyib və 1991-ci ildə Sovet İmperiyasının dağılması ilə Azərbaycan yenidən öz müstəqilliyini elan edib.