Xorvatiyanın paytaxtı Zaqrebdə güləş üzrə Avropa çempionatı davam edir.”Neftçi İdman Klubu”nun yığma komandamızın heyətində yer alan iki yunan-Roma güləşçisi gümüş medal qazanıb. Pəhləvanlarımızdan Eldəniz Əzizli (55 kq) yarışa dörddəbir finaldan qoşulub və bolqarıstanlı Stefan Qriqorova elə ilk hissədə tam üstünlüklə qalib gəlib – 9:0. O, yarımfinalda rumıniyalı Denis Mihayı da vaxtından əvvəl məğlub edərək üçüncü dəfə Avropa çempionatının finalına vəsiqə qazanıb. Millimizin kapitanı finalda türkiyəli Adem Burak Uzunla qarşılaşıb. Rəqibinə mğlub olan Eldəniz Əzizli qitə çempionatının gümüş medalına layiq görülüb.Taleh Məmmədov (63 kq) da mübarizəyə dörddəbir finaldan start verib və italiyalı Yakopo Sandronu 4:1 hesabıyla məyus edib. İdmançımız yarımfinalda ermənistanlı Qraçya Poqosyana növbəti dəfə qalib gələrək (5:1) ardıcıl üçüncü dəfə Avropa çempionatının finalına yüksəlib. Taleh Məmmədov həlledici görüşdə gürcüstanlı Leri Abuladzeyə məğlub olub və mötəbər yarışın gümüş medalına yiyələnib.Digər təmsilçimiz Sabah Şəriəti (130 kq) də eyni uğuru təkrarlayaraq fəxri kürsünün 2-ci pilləsində yer alıb.Xatırladaq ki, daha əvvəl klubumuzun sərbəst güləşçisi Hacı Əliyev (70 kq) dördüncü dəfə Avropa çempionu olub.