Ümummilli lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş minifutbol turnirində qrup mərhələsinin VIII turuna yekun vurulub. B qrupunda təmsil olunan SOCAR komandası Maliyyə Nazirliyinin kollektivi ilə üz-üzə gəlib. “ASK Arena”dakı “Azfar” stadionunda gerçəkləşən oyunda SOCAR komandası rəqibini minimal hesabla məğlub edib – 1:0. Qarşılaşmada vurulan yeganə qola təmsilçimizin heyətində Elşad Kərimov imza atıb.Qeyd edək ki, Gənclər və İdman Nazirliyinin təşkilatçılığı ilə dövlət qurumları arasında keçirilən və mayın 6-dək davam edəcək turnirin ilkin mərhələsində komandalar 4 qrupa bölünüb. Qrupların hər birində 13 komanda mübarizə aparır. Qrup mərhələsinə fevralın 26-da yekun vurulacaq. İlk səkkiz yeri tutan komandalar mübarizəni pley-off mərhələsində davam etdirəcək. Bir oyundan ibarət pley-offun qalibi olan komandalar ikinci mərhələyə yüksələcəklər. İkinci mərhələyə yüksəlmiş 16 komanda 4 qrupa bölünəcək və qrup qalibi olan komandalar “Dördlər finalı”nda iştirak hüququ əldə edəcəklər. Bu mərhələdə qalib gələn komandalar birinci, məğlublar isə üçüncü yer uğrunda mübarizə aparacaq.