Ümummilli lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş minifutbol turnirində qrup mərhələsinin yeddinci turuna start verilib. B qrupunda təmsil olunan SOCAR komandası Səhiyyə Nazirliyinin kollektivi ilə qarşılaşıb. Səkkizinci mikrorayondakı “Azfar” stadionunda təşkil olunan və SOCAR komandasının aşkar üstünlüyü şəraitində keçən oyunda təmsilçimiz rəqibini darmadağın edib – 8:0. Komandamızın heyətində Amil Abbasov het-trik edib. Ramil Musayev, Ömər Balacayev, Ramil Mansurov, Ramin İsmayılov və Zamiq Nəzərov isə hərəyə bir dəfə fərqləniblər.Qeyd edək ki, Gənclər və İdman Nazirliyinin təşkilatçılığı ilə dövlət qurumları arasında keçirilən və mayın 6-dək davam edəcək turnirin ilkin mərhələsində komandalar 4 qrupa bölünüb. Qrupların hər birində 13 komanda mübarizə aparır. Qrup mərhələsinə fevralın 26-da yekun vurulacaq. İlk səkkiz yeri tutan komandalar mübarizəni pley-off mərhələsində davam etdirəcək. Bir oyundan ibarət pley-offun qalibi olan komandalar ikinci mərhələyə yüksələcəklər. İkinci mərhələyə yüksəlmiş 16 komanda 4 qrupa bölünəcək və qrup qalibi olan komandalar “Dördlər finalı”nda iştirak hüququ əldə edəcəklər. Bu mərhələdə qalib gələn komandalar birinci, məğlublar isə üçüncü yer uğrunda mübarizə aparacaq.