Şəki şəhərində Azərbaycan Gimnastika Federasiyasının yenidən qurulmasının 20 illiyinə həsr olunmuş birgə yarışlar keçirilib. Şəki Olimpiya İdman Kompleksində 6 gimnastika növü üzrə təşkil olunan yarışlarda idmançılar aerobika gimnastikası üzrə 6-cı, akrobatika gimnastikası, idman gimnastikası üzrə 27-ci, qadın idman gimnastikası, batut gimnastikası üzrə 6-cı, tamblinq üzrə 18-ci Azərbaycan çempionatı və bədii gimnastika üzrə 27-ci Azərbaycan birinciliyində bacarıqlarını nümayiş etdiriblər.”Neftçi İdman Klubu”nun təmsilçiləri tamblinq üzrə 18-ci Azərbaycan çempionatında uğurla çıxış ediblər. Yarışda Milana Salmanova gənc qızlar arasında liderliyə yüksəlib. Riad Cavadov isə yeniyetmə oğlanların mübarizəsində bürünc medal qazanıb.Akrobatika gimnastikası üzrə 27-ci Azərbaycan çempionatında da klubumuzun yetirmələri bu uğuru davam etdiriblər. Gimnastlarımızdan Mina Beydiyeva və Ayla Zakiryaevadan ibarət qadın cütlüyü böyüklər arasında birinci olub. Yeniyetmələrin mübarizəsində isə Aytəkin Əmirova-Humay Tağıyeva cütlüyü qızıl medala sahib olub. Bu yaş qrupunun qarışıq cütlüyündə isə Alixan Qasiyev və Emina Əhmədovadan ibarət cütlük fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.