Kişilər və qadınlar arasında cüdo üzrə Bakı şəhər çempionatı keçirilib. Fövqəladə Hallar Nazirliyinin Hövsan qəsəbəsindəki “Xilasedici” İdman-Sağlamlıq Mərkəzində təşkil olunan yarışda paytaxtın müxtəlif klublarından, cəmiyyətlərindən və idman təşkilatlarından 303 cüdoçu (262 kişi, 41 qadın) medallar uğrunda mübarizə aparıb.”Neftçi İdman Klubu”nun yetirmələri şəhər çempionatını 9 medalla (2 qızıl, 4 gümüş, 3 bürünc) başa vurublar.Kişilər arasında keçirilən yarışda cüdoçularımızdan Nurlan Kərimli (60 kq) və Çingiz Fəttahov (81 kq) yalnız qızıl medal uğrunda qarşılaşmada məğlub olublar və turnirin gümüş medalına layiq görülüblər. Nahid Tarquliyevlə (81 kq) Məhəmmədəli Əliyev (90 kq) isə fəxri kürsünün üçüncü pilləsində yer alıblar.Xanım idmançıların mübarizəsində klubumuzun təmsilçilərindən Firuzə Qənbərova (78 kq) və Qönçə Cəfərli (+78 kq) turnirin qızıl medallarına sahib olublar. Leyla Atayeva (63 kq) və Nigar Süleymanova (+ 78 kq) ikinci, Firuzə Hacıverdiyeva (+78 kq) isə üçüncü yeri tutub.