Bakıda keçirilən paracüdo üzrə dünya çempionatı davam edir.Heydər Əliyev adına İdman Sarayında təşkil olunan mötəbər yarışda “Neftçi İdman Klubu”nun daha iki yetirməsi mükafatçılar arasında yer alıb.İkiqat Paralimpiya çempionu İlham Zəkiyev (+90 kq) yalnız həlledici final görüşündə braziliyalı Vilyans Araujoya məğlub olub və dünya çempionatının gümüş medalına yiyələnib.Yetmiş kiloqram çəki dərəcəsində çıxış edən Xanım Hüseynova isə bürünc medal uğrunda qarşılaşmada yaponiyalı Karusa Oqavaya qalib gələrək fəxri kürsünün üçüncü pilləsində dayanıb.Xatırladaq ki, daha əvvəl klubumuzun təmsilçilərindən Şəhanə Hacıyeva (48 kq) və Namiq Abaslı (73 kq) bürünc medal qazanıblar.Qeyd edək ki, “Neftçi İdman Klubu”nun baş meneceri Elmar Babanlı çempionatda Beynəlxalq Görmə Məhdudiyyətli Şəxslərin İdman Assosiasiyası (İBSA) Cüdo Komitəsinin Avropa üzrə koordinatoru qismində iştirak edir.Paris-2024 XVII Yay Paralimpiya Oyunlarına lisenziya xalları qazandıran və 41 ölkədən 250-dək paracüdoçunun qalib adı uğrunda mübarizə apardığı turnirə noyabrın 10-da yekun vurulacaq.