Kişi boksçular arasında keçirilən Azərbaycan çempionatına yekun vurulub. Respublika Boks Mərkəzində təşkil olunan yarışda ölkənin müxtəlif bölgələrindən 38 komandanın tərkibində 146 boksçu 13 çəki dərəcəsi üzrə mübarizə aparıb.”Neftçi İdman Klubu”nun təmsilçiləri çempionatda uğurla çıxış edərək 13 medala (6 qızıl, 3 gümüş, 4 bürünc) yiyələniblər.Boksçularımızdan Tural Sarıyev (48 kq), Malik Həsənov (63,5 kq), Nəbi İsgəndərov (67 kq), Mirşərif Kazımzadə (75 kq), Murad Allahverdiyev (80 kq) və Eldar Quliyev (86 kq) bütün görüşləri qələbə ilə başa vuraraq çempion olublar. Şamil Əsgərov (60 kq), Surət Qarayev (86 kq), Rauf Rəhimov (92 kq) gümüş, Rüfət Hüseynov (51 kq), Maqsud Xasmetov (57 kq), Ramiz Məmmədov (60 kq) və Rəvan Əliyev (96 kq) isə bürünc medala layiq görülüblər.Qeyd edək ki, “Neftçi İdman Klubu”nun təmsilçiləri yarışda ümumkomanda hesabında 1-ci yeri tutublar.”Neftçi İdman Klubu”nun boks idman növü üzrə baş məşqçisi,Olimpiya oyunlarının bürünc mükafatçısıVüqar Ələkbərov çempionat haqda fikirlərini söyləyib: “Çempionat gərgin mübarizə şəraitində keçdi. Boksçularımız sözün həqiqi mənasında böyük əzmkarlıq nümayiş etdirdilər. Çox yüksək əhval-ruhiyyələri vardı. Klubumuzun yetirmələri turnirin ən yaxşıları idilər. İdmançılarımız qələbəyə ürəkdən inanırdılar və ona da nail oldular. Nəticə isə göz qabağındadır: 6 qızıl, 3 gümüş və 4 bürünc medal.Bizə və idmançılarımıza göstərilən hərtərəfli dəstəyə, qayğıya görə SOCAR-ın və klubumuzun rəhbərliyinə minnətdarlığımızı bildiririk. Təbii ki, bu yüksək nəticələrin əldə olunmasında həmin o dəstəyin və qayğının danılmaz rolu vardır”.