“Neftçi İdman Klubu”nun yunan-Roma güləşçisi Taleh Məmmədov Serbiyanın paytaxtı Belqradda keçirilən dünya çempionatında bürünc medal qazanıb. Altmış üç kiloqram çəki dərəcəsində yer alan idmançı üçüncü yer uğrunda mübarizədə ermənistanlı Hraçya Poqosyanla üz-üzə gəlib. Rəqibinə 10:4 hesabı ilə qalib gələn Taleh Məmmədov mundialın bürünc medalına sahib olub. Eyni uğura imza atan Həsrət Cəfərov (67 kq) üçüncü yer uğrunda görüşdə türkiyəli Murat Fıratla üz-üzə gəlib. Rəqibini 8:2 hesabı ilə məğlub edən 19 yaşlı idmançı çempionatın bürünc mükafatına yiyələnib. Doxsan yeddi kiloqram çəkidə çıxış edən Arif Niftullayev isə bürünc medal görüşündə İtaliya təmsilçisi Nikolos Kakelaşviliyə 2:1 hesabı ilə qalib gələrək dünya üçüncüsü olub.Xatırladaq ki, daha əvvəl yunan-Roma güləşçilərimizdən Eldəniz Əzizli (55 kq) qızıl, Ülvü Qənizadə (72 kq) isə gümüş medal qazanıb.