Serbiyanın paytaxtı Belqradda güləş üzrə dünya çempionatı davam edir.”Neftçi İdman Klubu”nun Azərbaycan millisinin heyətində yer alan iki yunan-Roma güləşçisi mundialda möhtəşəm uğura imza atıb.Pəhləvanlarımızdan Eldəniz Əzizli (55 kq) səkkizdəbir finalda italiyalı Covanni Freniyə ilk hissədə tam üstünlüklə qalib gəlib – 8:0. Dünya və Avropa çempionumuz dörddəbir finalda yaponiyalı Şiotani Yuya aman verməyib – 10:0. İdmançımız yarımfinalda amerikalı Maks Nouriyə heç bir şans tanımayıb. Rəqibini 9:0 hesabıyla xalçadan məyus yola salan Eldəniz Əzizli 4 illik fasilədən sonra yenidən finala yüksəlib. Titullu güləşçimiz həlledici görüşdə son Avropa çempionatının finalında məğlub etdiyi gürcüstanlı Nuqzari Tsurtsumiayla qarşılaşıb. Görüşün əvvəlindən təşəbbüsə yiyələnən pəhləvanımız rəqibini vaxtından əvvəl təmiz qələbə ilə üstələyib (8:0) və dünya çempionu tituluna sahib olub.İkinci mərhələdən mübarizəyə qoşulan Ülvü Qənizadə (72 kq) qazaxıstanlı İbrahim Məhəmmədovu 4:2 hesabıyla üstələyib. O, dörddəbir finalda bolqarıstanlı Deyvid Dimitrovu vaxtından əvvəl məğlub edib – 10:0. Təmsilçimiz yarımfinalda türkiyəli Selçuk Canla olduqca gərgin görüş keçirib. Yekunda rəqibinə 4:3 hesabıyla qalib gələn güləşçimiz finala vəsiqəni təmin edib. Həlledici görüşdə serbiyalı Ali Arsalanla üz-üzə gələn Ülvi Qənizadə rəqibinə məğlub olub (4:7) və dünya çempionatının gümüş medalına layiq görülüb.