Bosniya və Herseqovinanın paytaxtı Sarayevoda keçirilən cüdo üzrə yeniyetmələr arasında dünya birinciliyində Azərbaycan milli komandası gümüş medala layiq görülüb.İlk qarşılaşmada komandamız meydan sahibləri ilə üz-üzə gəlib. Rəqibi üzərində 4:1 hesablı qələbə qazanan Azərbaycan millisi dörddəbir finalda Kanadanı da üstələməyi bacarıb – 4:2. Ukrayna ilə yarımfinal görüşündə əsas hissə 3:3 hesablı heç-heçə ilə nəticələnib. Ona görə də qarşılaşmanın taleyi qızıl xal bölümündə həll olunub. Bu zaman komanda adından tatamiyə çıxan Nizami İmranov (60 kq) rəqibini ipponla məğlub edərək Azərbaycan millisini finala daşıyıb. Həlledici qarşılaşmada Fransa yığmasına məğlub olan kollektiv gümüş medalla kifayətlənib.Fidan Əlizadə (63 kq) yarımfinal görüşündə zədələndiyindən kollektiv fransızlara qarşı 5 cüdoçu ilə mübarizə aparıb. Qarşılaşma 3:3 hesabı ilə başa çatdığından, qalib püşkatma yolu ilə müəyyənləşib.Qeyd edək ki, komanda yarışında Azərbaycan 8 idmançı ilə təmsil olunub. Qızlar arasında Aydan Vəliyeva (48 kq), Fidan Əlizadə (63 kq) və Nigar Süleymanova (+63 kq), oğlanların yarışında isə Nizami İmranov, Şahin Oruczadə (60 kq), Camal Bağışov, Əli Hacızadə (81) və Ramazan Əhmədov (+81 kq) mübarizə aparıb ki, onlardan da qızların hamısı, oğlanlardan isə Camal Bağışov “Neftçi İdman Klubu”nun yetirmələridi.Xatırladaq ki, bu, yeniyetmə cüdo millisinin dünya birinciliklərində ikinci gümüş medalıdır. Yeniyetmələrdən ibarət Azərbaycan yığma komandası ilk dəfə bu tarixi uğura 2019-cu ildə Almatıda keçirilmiş qarışıq komanda dünya çempionatında ikinci yeri tutataq imza atıb.