“Neftçi İdman Klubu”nun təşkilatçılığı ilə keçiriləcək 20 sentyabr – Neftçilər gününə həsr olunmuş SOCAR-2022 mini-futbol turnirinin püşkatma mərasimi olub.Bakı Olimpiya Stadionunun akt zalında keçirilən mərasimdə öncə “Neftçi İdman Klubu” idarəetmə aparatının rəhbəri Sadıq Sadıqov və SOCAR-ın İnsan Resursları Departamentinin rəis müavini Mahal Mehdiyev çıxış edərək tədbir iştirakçılarına turnir haqqında ətraflı məlumat veriblər. Sonra müəssisə nümayəndələrinin verdiyi suallar geniş müzakirə olunub və bütün qaranlıq məqamlara aydınlıq gətirilib. Daha sonra yarışın püşkü atılıb. Püşkatmanın nəticəsinə əsasən, turnirdə iştirak edən 32 komanda hər qrupda 4-ü olmaqla 8 qrupda mübarizə aparacaq. Qrup mərhələsində birinci və ikinci yeri tutmuş komandalar səkkizdəbir finala vəsiqə qazanacaqlar.Qeyd edək ki, neft, qaz və kimya sənayesinin işçiləri arasında təşkil olunacaq yarış 13 avqust – 19 sentyabr tarixlərində hər həftənin şənbə və bazar günləri olmaqla (14 sentyabrda çərşənbə günü yarımfinal oyunları və 19 sentyabrda bazar ertəsi günü final oyunu istisna olmaqla) saat 10:00-dan etibarən Bakı Olimpiya Stadionunun örtülü meydançalarında keçiriləcək.Turnirdə I, II və III yeri tutmuş komandalar, eləcə də “ən məhsuldar oyunçu”, “ən əzmkar oyunçu” və “ən yaxşı qapıçı” nominasiyaları üzrə qalib olmuş futbolçular SOCAR-ın diplomları, “Neftçi İdman Klubu” İctimai Birliyinin müvafiq dərəcəli mükafatları, medalları və kubokları ilə təltif ediləcəklər.