“Neftçi İdman Klubu”nun sərbəst güləşçiləri Hacı Əliyev və Turan Bayramov Türkiyədə keçirilən V İslam Həmrəyliyi Oyunlarında qızıl medal qazanıblar.Konya Texniki Universitetinin idman salonunda təşkil olunan yarışda 65 kiloqram çəki dərəcəsində çıxış edən güləşçimiz Hacı Əliyev finalda albaniyalı Zelimxan Abakarova “tuşe” ilə qalib gələrək fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. Üçqat Avropa və üçqat dünya çempionu olan güləşçimiz dörddəbir finalda İran idmançısı Morteza Hasanaliyə qalib gələrək yarımfinala adlayıb. Növbəti görüşünü özbəkistanlı Umidjon Jalolova qarşı keçirən titullu pəhləvanımız xalçadan qalib ayrılıb və finala yüksəlib.Xatırladaq ki, güləşçimiz 2017-ci ildə Bakıda təşkil olunan dördüncü İslam Həmrəyliyi Oyunlarının da qalibi olub.Klubumuzun digər sərbəst güləşçisi Turan Bayramov (74 kq) da V İslam Həmrəyliyi Oyunlarında eyni uğura imza ataraq qızıl medala sahib olub. Təmsilçimiz finalda iranlı Firuzpuur Məhəmmədsadıq ilə qarşılaşıb və rəqibini 2:1 hesabı ilə məğlub edib.Qeyd edək ki, avqustun 18-dək davam edəcək V İslam Həmrəyliyi Oyunlarında 56 ölkədən 4 mindən çox atlet idmanın 24 növü üzrə 483 dəst medal uğrunda mübarizə aparır. Azərbaycan mötəbər yarışda 281 idmançı ilə təmsil olunur ki, onlardan da 30-u “Neftçi İdman Klubu”nun yetirmələridir.