Abşeron Olimpiya İdman Kompleksində kişilər arasında keçirilən sambo üzrə Azərbaycan kuboku yarışına yekun vurulub. SSRİ-nin və Azərbaycanın Əməkdar məşqçisi Əbülfəz Əliyevin xatirəsinə həsr olunan turnirdə respublikamızın şəhər və rayonlarından 30-a yaxın komandanın heyətində 200-ə yaxın idmançı gücünü sınayıb.”Neftçi İdman Klubu”nun samboçuları yarışı 10 medalla (2 qızıl, 2 gümüş, 6 bürünc) başa vurublar. İdmançılarımızdan 79 kiloqram çəki dərəcəsində mübarizə aparan Adil Adilzadə və Ceyhun Hüseynov (88 kq) bütün qarşılaşmalardan qalib ayrılıblar və fəxri kürsünün ən yüksək pilləsinə qalxıblar. Yalnız həlledici final görüşündə məğlub olan Kamran Qasımovla (71 kq) Şirin Cavadzadə (88 kq) gümüş medala layiq görülüblər. Tural Allahverdiyev (64 kq), Hacalı Qasımov, Fuad Məmmədov (hər ikisi 71 kq), Ağani Məmmədov (79 kq), Elçin Sadıqov (98 kq) və Etibar Teymurov (+98 kq) isə üçüncü yeri tutublar.