Azərbaycan Taekvondo Federasiyasının və Koreya Respublikasının ölkəmizdəki səfirliyinin təşəbbüsü ilə keçirilən “Koreya səfiri kuboku” turnirinə yekun vurulub. Abşeron Olimpiya İdman Kompleksində gerçəkləşən yarışda 400-ə qədər taekvondoçu qüvvəsini sınayıb.Yarış Azərbaycanda və bölgələrdə bu idman növünün təbliği və inkişaf etdirilməsi, respublikada fəaliyyət göstərən taekvondo bölmələrinin işinin təkmilləşdirilməsi, Azərbaycanla Koreya arasında idman sahəsində əlaqələrin inkişafı, idmançıların yarış təcrübəsinin və ustalığının artırılması məqsədi ilə keçirilib.Ağsu İdman Kompleksinin “Neftçi İdman Klubu”nu təmsil edən taekvondoçuları turnirdə inamla mübarizə aparıblar.Gənclər arasında təşkil olunan yarışda idmançımız Vaqif Hacıyev (73 kq) bütün görüşləri qələbə ilə başa vuraraq qızıl medala sahib olub. Pünhan Mürsəlov (48 kq) və Fuad Yusifov (63 kq) isə fəxri kürsünün üçüncü pilləsində dayanıblar.Yeniyetmələrin mübarizəsində isə 53 kiloqram çəki dərəcəsində çıxış edən Əzizağa Nəsibov yalnız həlledici final qarşılaşmasında məğlub olub və gümüş medala layiq görülüb.Qeyd edək ki, “Neftçi İdman Klubu”nun gənc taekvondoçuları komanda hesabında üçüncü yeri tutublar.