“Neftçi İdman Klubu”nun Azərbaycan millisinin heyətində təmsil olunan cüdoçusu Məmmədəli Mehdiyev Bolqarıstanın paytaxtı Sofiyada keçirilən Avropa çempionatında mükafatçılar arasında yer alıb. Doxsan kiloqram çəki dərəcəsində mübarizə aparan idmançımız üçüncü yer uğrunda qarşılaşmada macarıstanlı Kristian Totu məğlub edib. Məmmədəli Mehdiyev rəqibini qızıl xal bölümündə cərimə xalları hesabına yenməyi bacarıb və qitə çempionatının bürünc medalına layiq görülüb.Bununla da klubumuzun yetirmələrinin mötəbər yarışda qazandıqları medalların sayı üçə çatıb.Xatırladaq ki, Avropa çempionatının əvvəlki günlərində cüdoçularımızdan Hidayət Heydərov qızıl, Rüstəm Orucov (hər ikisi 73 kq) isə bürünc medala sahib olub.