Martın 28-də Macarıstanın paytaxtı Budapeştdə startı verilmiş güləş üzrə Avropa çempionatına yekun vurulub.”Neftçi İdman Klubu”nun Azərbaycan millisinin heyətində yer alan güləşçiləri böyük əzmkarlıq nümayiş etdirərək mötəbər yarışın 7 medalına (1 qızıl, 2 gümüş, 4 bürünc) sahib olublar.Əvvəlcə sərbəst güləşçilər xalça üzərinə çıxıblar. Təmsilçilərimizdən turnirin reytinq favoriti olan, üçqat Avropa və üçqat dünya çempionu Hacı Əliyev mübarizəyə dörddəbir finaldan qoşulub. Altmış beş kiloqram çəki dərəcəsində çıxış edən idmançımız bu mərhələdə türkiyəli Munir Aktaşı 12:6 hesabı ilə məğlub edərək yarımfinala yüksəlib. Titullu güləşçimiz final yolunda moldovalı Maksim Sakultanı sınağa çəkib. Rəqib əvvəlcə 2 xal qazansa da, təcrübəli pəhləvanımızın geridönüşü möhtəşəm alınıb. Hacı Əliyev rəqibini vaxtından əvvəl məğlubiyyətə uğradaraq (12:2) dördüncü dəfə Avropa çempionatının finalına yüksəlib. Həlledici mərhələdə onun rəqibi yerli güləşçi İsmayıl Musikayev olub. Görüşdən məğlub ayrılan təmsilçimiz Avropa çempionatının gümüş medalına layiq görülüb.Turan Bayramov (74 kq) isə səkkizdəbir finalda bolqarıstanlı Ali Umarpaşayevə (4:3), dörddəbir finalda estoniyalı Aymar Andrusenə (10:0) qalib gəlib. Pəhləvanımız yarımfinalda son Avropa çempionu və dünya ikincisi Taymuraz Salkazanova (Slovakiya) 2:8 hesabı ilə məğlub olub. Turan Bayramov bürünc medal uğrunda qarşılaşmada Rumıniya təmsilçisi Zurab Kaprayevlə üz-üzə gəlib. Rəqibini 2:1 hesabı ilə məğlub edən idmançımız nüfuzlu yarışı üçüncü yerdə başa vurub.Klubumuzun yunan-Roma güləşçiləri çempionatda daha böyük uğura imza atıblar.İdmançılarımızdan Eldəniz Əzizli (55 kq) yarışa dörddəbir finaldan start verib. Titullu güləşçimiz rumıniyalı Denis Mihaya ilk hissədə tam üstünlüklə qalib gəlib – 8:0. Yarımfinalda erməni Rudik Mkrtçyanı da 7:3 hesabı ilə xalçadan məyus yola salan təcrübəli pəhləvanımız dörd illik fasilədən sonra ikinci dəfə Avropa çempionatının finalına yüksəlib. Eldəniz Əzizli həlledici görüşdə gürcüstanlı Nuqzari Tsurtsumia ilə qarşılaşıb. Rəqibinə 8:2 besabı ilə qalib gələn idmançımız ikinci dəfə Avropa çempionu olub. O, ilk qitə çempionluğunu 2018-ci ildə qazanıb. Həmin il Eldəniz Əzizli həm də dünya çempionu olub.Eldəniz Əzizli Avropa çempionu olmaqla Azərbaycan yunan-Roma güləşi tarixində rekorda da imza atıb. Belə ki, o, yunan-Roma güləşi növündə böyüklər arasında ən çox Avropa çempionatı medalı olan idmançımız kimi adını tarixə yazdırıb. Hazırda Eldəniz Əzizlinin hesabında 6 qitə birinciliyinin medalı (2 qızıl və 4 bürünc) var. Güləşçimiz 2018-ci ildə Kaspiyskdə və 2022-ci ildə Budapeştdə qitənin ən güclüsü adını qazanıb, 2011-ci ildə Dortmundda, 2019-cu ildə Buxarestdə, 2020-ci ildə Romada və 2021-ci ildə Varşavada fəxri kürsünün üçüncü pilləsinə yüksəlib.Murad Məmmədov (60 kq) ilk görüşdə ispaniyalı Daniel Bobilloya tam üstünlüklə qalib gəlib – 8:0. O, dörddəbir finalda moldovalı Vitali Yeriomenkonu yolundan kənarlaşdırıb – 6:1. Güləşçimiz yarımfinalda türkiyəli Kerem Kamala məğlub olub. Murad Məmmədov üçüncü yer uğrunda qarşılaşmada rumıniyalı Razvan Arnauta qalib gəlib (5:2) və bürünc medal qazanıb.Taleh Məmmədov (63 kq) yarışa dörddəbir finaldan qoşulub. Pəhləvanımız türkiyəli Ahmet Uyardan üstün olub – 5:1. O, yarımfinalda erməni Qraçya Poqosyanla qarşılaşıb. Gərgin keçən görüşün ikinci hissəsində uğurlu “çevirmə” fəndi idmançımıza qələbə qazandırıb – 3:1. Taleh Məmmədov ikinci dəfə Avropa çempionatının finalında güləşmək hüququ qazanıb. Güləşçimizin finaldakı rəqibi gürcüstanlı Avropa və dünya çempionatlarının mükafatçısı Leri Abuladze olub. Güclü rəqibinə məğlub olan (1:3) idmançımız nüfuzlu yarışın gümüş medalına layiq görülüb.Ülvi Qənizadə (72 kq) ilk görüşdə almaniyalı Samuel Belşeidi xalçadan məyus yola salıb – 5:1. İdmançımız dörddəbir finalda bolqar Deyvid Dimitrovla mübarizə aparıb. Qarşılaşmanın gedişində 0:4 hesabı ilə geridə olan pəhləvanımız möhtəşəm geridönüş edərək tam üstünlüklə qələbə qazanıb – 13:5. O, yarımfinalda gürcü Şmaqi Bolkvadzeyə uduzub (1:4). Ülvi Qənizadə bürünc medal uğrunda görüşdə litvalı Kristupas Sleyvanı 14:7 hesabı ilə məğlub edib və nüfuzlu yarışı üçüncü pillədə başa vurub.Klubumuzun digər yetirməsi Sənan Süleymanov (77 kq) səkkizdəbir finalda rumıniyalı İlye Koyokariyə heç bir şans tanımayıb – 9:0. O, növbəti mərhələdə ermənistanlı dünya çempionu Malxas Amoyanla gərgin keçən görüşdə minimal fərqlə (6:5) məğlub olub. Rəqib finala yüksəldiyi üçün güləşçimiz üçüncü yer uğrunda mübarizə aparıb. Bu görüşdə Sənan Süleymanov isveçli rəqibi Per Albin Olofsson üzərində qələbə qazanıb (5:0) və bürünc medala yiyələnib.