İsrailin paytaxtı Təl-Əvivdə keçirilən “Böyük dəbilqə” turnirindən sonra Beynəlxalq Cüdo Federasiyası tərəfindən yeni reytinq cədvəli açıqlanıb.Sözügedən yarışdan sonra “Neftçi İdman Klubu”nun cüdoçularının mövqeyində ciddi dəyişikliklər olub. Belə ki, təmsilçilərimizdən dördü ilk onluqda yer alıb. Təl-Əvivdə fəxri kürsünün ən yüksək pilləsinə qalxan Məmmədəli Mehdiyev (90 kq) 4 pilləlik sıçrayışla 2-ci sıraya qalxıb. Hazırda onun hesabında 4560 xal var. Turnirdə qızıl medal qazanan digər cüdoçumuz Hidayət Heydərov (73 kq) isə daha çox – 5 pillə irəliləyib və idmançımız 3420 xalla üçüncü pillədə qərarlaşıb. “Böyük dəbilqə”nin bürünc medalına layiq görülən və xal hesabını 3352-yə çatdıran Zelim Kotsoyev (100 kq) də bir addım irəliləyərək 8-ci sırada dayanıb. Ən böyük sıçrayışa isə yarışın gümüş mükafatçısı Yaşar Nəcəfov (66 kq) nail olub. Cüdoçumuz qazandığı 700 xalla 216 pillə irəliləyib və 48-ci sıraya yüksəlib. Onunla eyni çəkidə yer alan və bu il xal qazanmayan Orxan Səfərovun (3275 xal) 6-cı sıradakı mövqeyi dəyişməyib. Turnirdə 7-ci sırada qərar tutan cüdoçularımız – Balabəy Ağayev (60 kq) və Elmar Qasımov (100 kq) isə hərəyə 5 pillə irəliləyiblər. Hazırda Balabəy Ağayev 1750 xalla 20-ci, 1201 xalı olan Elmar Qasımov isə 26-cı yerdədir.