“Neftçi İdman Klubu”nun yunan-Roma güləşçisi Ülvü Qənizadə Serbiyanın paytaxtı Belqradda keçirilən 23 yaşadək idmançıların dünya çempionatında bürünc medala sahib olub.Yarışda 72 kiloqram çəki dərəcəsində mübarizə aparan pəhləvanımız startda Qırğızıstan güləşçisi üzərində inamlı qələbə qazanıb. O, ardınca Hindistan və Macarıstan təmsilçilərini üstələyərək yarımfinala yüksəlib. Güləşçimiz finalın bir addımlığında Rusiya idmançısına minimal fərqlə məğlub olub. İran güləşçisi ilə bürünc medal uğrunda görüş olduqca gərgin keçib. Belə ki, ilk hissə başa çatanda rəqib hesabda 6:0 öndə olub. Ancaq ikinci hissədə əsl əzmkarlıq göstərən təmsilçimiz möhtəşəm geridönüş edərək həmkarını böyük fərqlə üstələyib və dünya çempionatının bürünc medalını qazanıb.Xatırladaq ki, mötəbər yarışın əvvəlki günlərində klubumuzun digər yetirməsi Nihad Quluzadə də üçüncü pillədə qərarlaşmışdı.