Yaponiyada keçirilən XVI Yay Paralimpiya Oyunları davam edir.”Neftçi İdman Klubu”nun yığma komandamızın heyətində təmsil olunan paracüdoçuları mötəbər yarışda böyük əzmkarlıq nümayiş etdirərək, ölkəmizə daha 3 qızıl medal qazandırıblar. Əlli yeddi kiloqram çəki dərəcəsində çıxış edən xanım idmançımız Sevda Vəliyeva qazaxıstanlı Dayana Fedossova və Türkiyə idmançısı Zeynep Çelikə qalib gələrək finala yüksəlib. Həlledici qarşılaşmada cüdoçumuzun rəqibi Özbəkistan təmsilçisi Parvina Samandarova olub. Rəqibini məğlub edən Sevda Vəliyeva fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.Xanım Hüseynova (63 kq) startda yaponiyalı Hiroko Kudonu üstələyib. Çinli Yue Vanqı da tatamidən məyus yola salan idmançımız finalda ukraynalı İrina Husiyeva ilə qarşılaşıb. Gərgin idman mübarizəsi şəraitində keçən görüşdə paracüdoçumuz qalib gələrək paralimpiya çempionu olub.Klubumuzun digər yetirməsi Hüseyn Rəhimli (81 kq) də eyni uğuru təkrarlayıb.O, ilk görüşdə Böyük Britaniya idmançısı Daniel Povelə qalib gələrək yarımfinala yüksəlib. Koreya Respublikasından olan Jung Min Lunu məğlub edən təmsilçimiz finalda özbəkistanlı Davurxon Karomatov ilə qarşılaşıb. Bu rəqibi üzərində də qələbə qazanan Hüseyn Rəhimli Tokio Paralimpiadasının qızıl medalına yiyələnib.Xatırladaq ki, nüfuzlu yarışın əvvəlki günlərində paracüdoçularımızdan Şahanə Hacıyeva (48 kq) və Vüqar Şirinli (60 kq) qızıl, Namiq Abbaslı (66 kq) isə bürünc medal əldə edib.Qeyd edək ki, Tokio Paralimpiadasında ölkəmizi idmanın 6 növündə 47 kateqoriya üzrə rekord sayda – 36 idmançı təmsil edir ki, onlardan da 22-si “Neftçi İdman Klubu”nun yetirmələridir.