«Neftçi
İdman Klubu» ölkəmizdə bədən tərbiyəsi və idmanın inkişaf etdirilməsində
yaxından iştirak edən və bu istiqamətdə öz töhfəsini verən öncül qurumlardan
biridir. Klub peşəkar idmanla yanaşı, mütəmadi olaraq, neft, qaz və kimya sənayesinin
işçiləri arasında da idmanın müxtəlif növləri üzrə yarışlar təşkil edir. Təbii
ki, bu tədbirlər idmanın kütləviləşməsi, sağlam gəncliyin yetişməsi və neftçilərin
asudə vaxtlarının səmərəli keçirilməsi məqsədilə təşkil olunur.Pandemiya ilə əlaqədar olaraq, belə yarışların
keçirilməsində bir qədər fasilə yaranmışdı. Klubumuz bugünlərdə koronavirus
pandemiyası dönəmində neft, qaz və kimya sənayesi müəssisələrinin işçiləri və
onların ailə üzvləri arasında ilk idman-turizm yarışını, 1 İyun – Uşaqların
Beynəlxalq Müdafiəsi Gününə həsr olunmuş «Atam, anam və mən» turnirini keçirdi.
İyulun 2-dən 4-dək davam edən yarış Xaçmaz rayonunun Nabran qəsəbəsindəki meşə
zolağında baş tutdu.Yarışın
keçirilməsində əsas məqsəd «Atam, anam və mən» idman-turizm yarışını neftçilər
arasında inkişaf etdirmək, işçilərə təbii şəraitə uyğunlaşma vərdişlərini
aşılamaq, onlar arasında sağlam həyat tərzini təbliğ etmək, turizm üzrə
yarışların yeni formalarını araşdırmaq və tətbiq etmək idi.Öncə turnirin
baş hakimi Natalya Əliyeva iştirakçılara yarış haqda məlumat verdi. Qaydaya görə,
ailə komandası start nöqtəsindən çıxaraq, uzun məsafədə quraşdırılmış bir çox
maneəni tələb olunan formalarda keçməli və finiş nöqtəsinə qaçmalı idilər.
Onlar bu marşrutda “snayper”, “xizək”, boru, “qırxayaq”, quyruq, xalçabol,
içindəki suyu dağıtmadan dolu fincanın maneədən adladılması, “siçantutan”,
“lazer şüaları”, açar-kilid, ağacdan asılmış kəndir vasitəsilə müəyyən olunmuş
məsafəyə tullanma, futboqolf, halqalardan keçmək, “ekskavator”, darts, çubuqla
yallı, labirint və kubun yığılması kimi maneələri dəf etməli idilər. Yarışı ən
tez və səhvsiz (və ya daha az səhvlə) başa çatdıran komanda qalib hesab
olunurdu.Ailə
komandaları arasında oğlanların yarışında İbrahimovlar ailəsi (“Qaz İxrac” İdarəsi)
qalib adını qazandı. Sadiqlər ailəsi (Heydər Əliyev adına NEZ) 2-ci, Zeynalovlar
ailəsi («Azərkimya» İstehsalat Birliyi) isə 3-cü yerə çıxdı. Qızlar arasında
Rzayevlər ailəsi (Heydər Əliyev adına Neft Emalı Zavodu) liderliyə yüksəldi. Kərimlilər
ailəsi (“Qaz İxrac” İdarəsi) ikinci, Heydər Əliyev adına Neft Emalı Zavodunu təmsil
edən Rzayevlər ailəsi isə üçüncü yeri tutdu.Turnirin növbəti günü uşaqlar arasında «Şən startlar» əyləncəli yarışı keçirildi. Müxtəlif
maraqlı oyunların birinin digərini əvəz etməsi uşaqların hədsiz sevincinə səbəb
olurdu. Bundan əlavə, uşaqlar arasında şeir demək, rəqs etmək və mahnı oxumaq,
eləcə də ölkəmizin tarixi, coğrafiyası, Azərbaycanın tarixi şəxsiyyətləri və məntiqlə
bağlı tərtib olunmuş suallar üzrə intellektual müsabiqə keçirildi.Yarışın sonunda
düzənlənən mükafatlandırma mərasimində «Neftçi İdman Klubu»nun Kütləvi bədən tərbiyəsi
şöbəsinin rəisi Akif Məmmədov çıxış edərək uşaqları 1 iyun – Uşaqların Beynəlxalq
Müdafiəsi Günü münasibətilə klubun idarəetmə aparatının rəhbəri Sadıq Sadıqovun
və bütün kollektivin adından təbrik etdi. O, Azərbaycanda ölkə
rəhbərliyi tərəfindən uşaqlara göstərilən diqqət və qayğıdan söhbət açaraq
onlara gələcəkdə daha xoşbəxt həyat arzuladı. Qurum rəsmisi yarışda göstərdikləri
fəallığa görə bütün iştirakçılara minnətdarlığını bildirdi, onlara cansağlığı,
müvəffəqiyyətlər dilədi və qalibləri təbrik etdi.Sonra
tədbirdə yer tutmuş komandalara klubun diplom və hədiyyələri təqdim
olundu. Ardınca uşaqlar arasında keçirilən yarışlarda və
müsabiqələrdə qalib gəlmiş on nəfər (Adil Zeynalzadə,
Hüseyn Zeynalzadə, Vüqar Quliyev, Gülzar Quliyeva, İnci İbrahimova, Sərdar
İbrahimov, Səma Rzayeva, Aişə Rzayeva, Cəfər Sadiq, Fatimə Sadiq) mükafatlandırıldı.
Bundan əlavə, «Neftçi İdman Klubu» öz ənənəsinə sadiq qalaraq, «ən
kiçik turist», «ən fəal turist» və «ən qocaman turist» nominasiyaları üzrə də
mükafatlar təsis etmişdi. Bu nominasiyaların qalibi adına müvafiq olaraq Toğrul
Zöhrabbəyli (“28 May” Neftqazçıxarma İdarəsi), Aidə
Quliyeva (“Azərkimya” İstehsalat Birliyi) və Almaz
Ağayeva (“Qaz İxrac” İdarəsi) layiq görüldülər.Daha sonra
isə yarışda iştirak edən bütün uşaqlara bayram hədiyyələri təqdim olundu.