Polşanın paytaxtı Varşavada güləş üzrə “Poland Open” turnirinə start verilib. İlk yarış günündə sərbəst güləşçilər mübarizəyə qoşulublar.”Neftçi İdman Klubu”nun yetirməsi Hacı Əliyev (70 kq) də bacarığını nümayiş etdirib. Turnirdə 70 kiloqram çəki dərəcəsində iştirakçı sayı az olduğu üçün görüşlər qrup sistemi ilə keçirilib. “A” qrupunda yer alan titullu güləşçimiz Özbəkistan, Qazaxıstan və Gürcüstan idmançılarına qalib gələrək qrup qalibi kimi yarımfinala yüksəlib. O, finalın bir addımlığında ABŞ təmsilçisinə xalların keyfiyyətinə görə uduzub. Bürünc medal uğrunda yenidən Gürcüstan güləşçisi ilə qarşılaşan Hacı Əliyev rəqibini məğlubiyyətə uğradaraq 3-cü yeri tutub.