
Gənclər və İdman Nazirliyi, AFFA və Azərbaycan Minifutbol Federasiyasının birgə təşkilatçılığı ilə ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr olunan dövlət qurumlarının əməkdaşları arasında III minifutbol turniri davam edir.
Bu gün ilkin qrup mərhələsinin sonuncu – doqquzuncu turunda SOCAR Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin komandası ilə qarşılaşıb. Rəqibindən aşkar üstünlüyü ilə seçilən təmsilçimiz görüşdə 6:1 hesablı qələbə qazanıb.
Beləliklə, SOCAR komandası ilkin qrup mərhələsini məğlubiyyətsiz və qrup lideri kimi başa vurub.
Qeyd edək ki, bu mərhələdən sonra bir pley-off oyunu keçiriləcək. Qalib komanda ikinci qrup mərhələsində (hərəsində 4 komanda olmaqla 4 qrup) mübarizəni davam etdirəcək. Bölgüyə görə, rəqibimiz D qrupunun səkkizincisi olacaq.
Onu da əlavə edək ki, sabah sonuncu turun oyunları başa çatdıqdan sonra pley-off mərhələsindəki rəqibimiz məlum olacaq.