“Neftçi
İdman Klubu”nun daha bir idmançısı Hərbçilərin VI Dünya Oyunlarında ölkəmizə
medal qazandırıb. Cənubi Koreyanın Munqyeonq şəhərində keçirilən oyunlarda
növbəti uğura klubun taekvondoçusu, Avropa Oyunlarının qalibi Ayxan Tağızadə
(68 kq) imza atıb. Səkkizdəbir finaldan mübarizəyə qoşulan idmançımız öncə
kanadalı Harkourt Lorden (14:6), ardınca Venesuela təmsilçisi Edqar Kontreras
(9:2) üzərində qələbə qazanıb və yarımfinala yüksəlib. Bu mərhələdə də Ayxan
inamlı döyüşüb və İtaliya taekvondoçusu Kladio Trevisonu məğlubiyyətə uğradıb –
7:5. Həlledici final qarşılaşmasında 5:9 hesabı ilə məğlub olan Tağızadə gümüş
medala sahib çıxıb.Xatırladaq
ki, bu, klubumuzun idmançılarının yarışda qazandığı 5-ci medaldır. Oyunların
əvvəlki günlərində daha 4 idmançımız bürünc medala sahib olmuşdu: cüdoçular
Nicat Şıxəlizadə (66 kq), Hüseyn Rəhimli (73 kq), Elmar Qasımov (100 kq) və sərbəst güləşçi Ağahüseyn Mustafayev (65 kq).Qeyd
edək ki, Hərbçilərin VI Dünya Oyunlarına oktyabrın 11-də yekun vurulacaq.