Xəbər
verdiyimiz kimi, “Neftçi İdman Klubu”nun təşkilatçılığı ilə oktyabrın 15-də
start götürmüş neft, qaz və kimya sənayesi işçilərinin XXVI Spartakiadasına
yekun vurulub. 30 müəssisədən 1412 iştirakçının 14 idman növü üzrə mübarizə
apardığı turnirdə Heydər Əliyev adına Neft Emalı Zavodu ümumi komanda hesabında
qalib adını qazanıb. Neft Kəmərləri İdarəsi 2-ci, “Neft Daşları”
Neftqazçıxarma İdarəsi isə 3-cü yeri tutub.Bu gün
“Neftçi İdman Klubu”nun inzibati binasında qaliblərin mükafatlandırılması
mərasimi keçirildi. İlk öncə klubun bədən tərbiyəsi üzrə meneceri Akif Məmmədov
çıxış edərək Spartakiadanın gedişatından və təntənəli surətdə keçirilən açılış
mərasiminin yüksək səviyyədə təşkil olunmasından geniş söhbət açdı. Turnirin
çox gözəl və ədalətli keçməsini qeyd edən natiq, tədbir boyu kiçik nöqsanlar olsa
belə, onun tez bir zamanda aradan qaldırılmasından məmnunluğunu ifadə etdi.Sonra
klubun idman və sağlamlıq məsələləri üzrə baş meneceri Elmar Babanlı çıxış
edərək tədbir iştirakçılarına icraçı direktor Sadıq Sadıqovun salam və
təbriklərini çatdırdı. Spartakiadanın ildən-ilə təkmilləşməsindən və növbəti
illərdə daha da yaxşı təşkil olunacağından söhbət açan klub rəsmisi bu işdə
iştirakçıların da böyük pay sahibi olduqlarını xüsusi vurğuladı. O, bütün
iştirakçılara yarışlarda göstərdikləri fəallığa görə dərin minnətdarlığını
bildirdi və qalibləri təbrik etdi.Ardınca
qaliblərin mükafatlandırılmasına başlanıldı və kuboklar sahiblərinə təqdim
olundu.Tədbirin
sonunda çıxış edən neft, qaz və kimya sənayesi müəssisələrinin nümayəndələri Spartakiadanın yüksək səviyyədə
təşkil olunmasına görə “Neftçi İdman Klubu”nun rəhbərliyi və kollektivinə
bütün yarış iştirakçıları adından dərin minnətdarlıqlarını bildirdilər.