“Neftçi
İdman Klubu” öz fəaliyyəti, əldə etdiyi nəticələrə görə daim ölkənin ən öncül
idman təşkilatlarından olub və liderlər sırasında yer alıb. Liderliyi əldə
saxlamaq isə bəlkə də onu qazanmaqdan daha çətindir. Odur ki, klubumuz bu məsuliyyəti
çox yaxşı anladığından həmişə yeniliklər axtarışında olub, yeni-yeni ideyalarla
gündəmə gəlib.Azərbaycan
idmanında önəmli yeri olan və 35 idman növünü özündə birləşdirən “Neftçi İdman
Klubu” təbii ki, idmanın şahı sayılan futbolun da inkişaf etdirilməsinə xüsusi
diqqət və qayğı göstərir. Şübhəsiz ki, bu populyar idman növünü uşaq
futbolundan ayrı təsəvvür etmək mümkün deyildir. Təsadüfi deyil kı, uşaq futbolunu
dünyanın hər bir tərəfində bu idman növünün onurğa sütunu hesab edirlər.
Klubumuz bütün bunları nəzərə alaraq, uşaq futbolunun inkişafını özünün prioritet
məsələləri sırasına daxil edib. Ona görə də uşaq futbolunda çalışmış təcrübəli
mütəxəssislər və kateqoriyalı məşqçilər bu işə cəlb olunub. Klub tərəfindən
daim seleksiya xarakterli toplantılar keçirilir, istedadlı uşaqlar, yeniyetmələr
seçilərək müxtəlif yaş qrupları üzrə komandalara cəlb olunurlar.Hal-hazırda
“Neftçi İdman Klubu”nda 22 məşqçinin rəhbərliyi altında 250-dən çox uşaq və
yeniyetmə futbolun sirlərinə yiyələnir. Onu da qeyd edək ki, AFFA-nın təşkilatçılığı
ilə keçirilən aşağı yaş qrupları üzrə bütün liqalarda klubumuz yüksək səviyyədə
təmsil olunur.Qarşıya qoyulmuş məqsədə çatmaq naminə görülən
işlər, mütəmadi çalışmalar , planlı və düşünülmüş şəkildə həyata keçirilən
tədbirlər artıq öz bəhrəsini verməkdədir. Belə ki, ötən il dekabr ayının 18-dən 26-dək Tütkiyənin Trabzon şəhərində
təlim-məşq toplanışında olan on iki yaşadək futbolçulardan ibarət komandamız bu
müddət ərzində paralel olaraq həm də dörd yoldaşlıq görüşü keçirib. Böyük
əzmkarlıq nümayiş etdirən futbolçularımız
bütün qarşılaşmaları qələbə ilə başa vurublar. Təmsilçimiz
“Trabzonspor”, “Ortahisar”, “Yolspor” və “Soyuqsuspor”
komandalarını müvafiq olaraq 4:1, 5:3, 6:0 və 11:3 hesabı ilə məğlubiyyətə
uğradıb. Bu da təbii ki, çox böyük uğurdu və klubumuzun uşaq futboluna göstərdiyi
qayğının açıq təzahürüdür.Yanvarın 17-də “Neftçi İdman Klubu” tərəfindən bu
sahənin inkişafı istiqamətində daha bir möhtəşəm layihə həyata keçirildi. Lökbatan qəsəbəsində yerləşən
Qaradağ Təlim-İdman Bazasında növbəti kütləvi
futbol festivalı təşkil olundu. 150-dən artıq uşağın qatıldığı tədbir yüksək bayram
əhval-ruhiyyəsində keçdi və onların hədsiz sevincinə səbəb oldu.Layihənin əsas məqsədi futbolun kütləviliyini
artırmaq, uşaqların və yeniyetmələrin asudə vaxtlarının səmərəli təşkili,
onlarda futbola və digər idman növlərinə maraq yaratmaq, sağlam həyat tərzi
təbliğ etməkdir.