Bu gün Azərbaycanda Milli Dirçəliş Günü qeyd olunur. Bu bayram 1988-ci ilin noyabr-dekabr aylarında Bakıda başlayan Milli Azadlıq Hərəkatı ilə bağlıdır. Həmin vaxt SSRİ rəhbərliyinin Qarabağ məsələsi ətrafında apardığı anti-azərbaycan siyasəti nəticəsində Azərbaycanda anti-sovet xalq hərəkatı təşəkkül tapdı. 1988-ci ilin 17 noyabrında Bakının əsas meydanı sayılan Azadlıq meydanında (keçmiş Lenin meydanı) Azərbaycan xalqının uzunmüddətli və fasiləsiz mitinqləri başladı. 17 gün aramsız davam edən və milyonlarla insanın qatıldığı bu aksiya həm də keçmiş SSRİ-də ən irimiqyaslı etiraz aksiyası idi. Xalq meydana toplaşaraq Moskvanın anti-Azərbaycan siyasətinə qarşı çıxdı. Dekabrın 4-dən 5-nə keçən gecə ümumxalq mitinqi sovet qoşunları tərəfindən dağıdılsa da, Moskva Azərbaycan xalqının Milli Azadlıq Hərəkatının qarşısını ala bilmədi. Azərbaycanda bu hadisələr Milli Azadlıq Hərəkatı kimi qiymətləndirilir və respublikamızın istiqlaliyyət qazanmasında əsas amil sayılır.

Milli Dirçəliş Günü 17 noyabr 1992-ci ildə elan olunub.