Birinci
Divizionda VI turun oyunları start götürüb.Turnir
cədvəlinin şəriksiz lideri “Qaradağ Lökbatan” bu tur çərçivəsində “Şüvəlan”ın
qonağı olub. “Azal Arena”da keçirilən qarşılaşmanın 8-ci dəqiqəsində rəqib önə
keçib. “Şüvəlan”ın futbolçusu Mirkamil Həşimli adını tabloya yazdırıb. Komandamızın
göstərdiyi səylərə baxmayaraq, birinci hissə elə bu hesabla da sona çatıb. Fasilədən
sonra tərəflərin qarşılıqlı hücumları davam edib. Futbolçularımız yalnız 88-ci
dəqiqədə Coşqun Süleymanovun ifasında rəqib qapısına yol tapa biliblər və hesab
bərabərləşib – 1:1. Təzyiqi bir qədər də artıran “Qaradağ Lökbatan” artırma dəqiqələrində
istəyinə çatıb. Sabir Allahquliyevin vurduğu qol (90+4) son anda komandamıza 2:1 hesablı qələbə
qazandırıb.Qeyd edək ki, “Qaradağ Lökbatan” hazırda 16
xalla turnir cədvəlinin lideridir.