Macarıstanın
paytaxtı Budapeştdə cüdo üzrə dünya çempionatı davam edir.Bu gün “Neftçi İdman Klubu”nun Azərbaycan millisinin heyətində
təmsil olunan cüdoçuları Rüstəm Orucov və Hidayət Heydərov 73 kq çəki
dərəcəsində mübarizəyə qoşulublar. Rüstəm Orucov yarışa 1/32 finaldan başlayıb.
Bu mərhələdə kosovalı Akil Qjakovu ipponla məğlub edən Olimpiya mükafatçımız,
ardınca Pyer Duprat (Fransa), Behruzi Xojazoda (Tacikistan) və Saiyinjiriqalaya
(Çin) qalib gələrək yarımfinala yüksəlib. Cüdoçumuz bu mərhələdə koreyalı
Çanqrim Anla üz-üzə gəlib və bu rəqibini də asanlıqla məğlub edərək
finala vəsiqəni təmin edib. Həlledici görüşdə məşhur yapon cüdoçusu Soiçi Haşimotoya
məğlub olan Rüstəm Orucov dünya çempionatının gümüş medalına layiq görülüb.Bu çəki dərəcəsində qalib və mükafatçılara medalları Azərbaycan Cüdo Federasiyasının prezidenti, Beynəlxalq Cüdo Federasiyası İcraiyyə Komitəsinin üzvü Rövnəq Abdullayev təqdim edib.Digər cüdoçumuz Hidayət Heydərov da çempionata 1/32 finaldan
qoşulub. İlk görüşündə o, mərakeşli rəqibi Ahmed Əl-Meziatiyə ipponla qalib
gəlib. Növbəti qarşılaşmada Rumıniya təmsilçisi Aleksandru Raykunu məğlub edən
Heydərov, daha sonra kubalı Maqdiel Estradanı yarışdan kənarlaşdırıb. Dörddəbir
finalda onun rəqibi təcrübəli Rusiya cüdoçusu Denis Yartsev olub. O, bu
idmançıya da ipponla qalib gələrək yarımfinala adlayıb. Bu mərhələdə Hidayət
yaponiyalı Soiçi Haşimoto ilə qarşılaşıb. Güclü rəqibi ilə bacarmayan
idmançımız bürünc medal uğrunda mübarizəyə qoşulub. Bu qarşılaşmada o, Odbayar
Qanbaatarla (Monqolustan) mübarizədən məğlub ayrılıb və mundialı medalsız başa
vurub.Xatırladaq
ki, çempionatın ilk günlərində tatami üzərinə çıxan Orxan Səfərov da (60 kq)
gümüş medal qazanmışdı.