Bakıda
keçirilən IV İslam Həmrəyliyi Oyunlarına yekun vurulub. Bu mötəbər oyunlarda 54
ölkəni təmsil edən 3000-dən çox idmançı 21 idman növü üzrə 269 dəst medal uğrunda
mübarizə aparıb. Ümumilikdə yarışlarda 40 ölkənin idmançıları 1600 medal
qazanıblar. Statistikaya görə, indiyədək İslam Həmrəyliyi Oyunlarına bu qədər
ölkənin və idmançının qatılması heç vaxt müşahidə olunmayıb.Azərbaycan
idmançıları xalqımızı parlaq qələbələri ilə sevindirərək, böyük uğurlara imza
atıblar. Belə ki, Azərbaycan 162 medalla (75 qızıl, 50 gümüş, 37 bürünc)
İslamiadanın qalibi adını qazanıb. Türkiyə isə 195 medal (71 qızıl, 67 gümüş,
57 bürünc) qazanıb və kəmiyyətcə birinci yeri tutub.Qürurverici
haldır ki, Azərbaycan komandasının əldə etdiyi medallardan 59-u “Neftçi İdman
Klubu”nun atletlərinə məxsusdur. Bu medallardan 33-ü qızıl, 19-u gümüş, 7-si
isə bürüncdür. Qızıl medallara Orxan Səfərov, Nicat Şıxəlizadə, Hidayət Heydərov,
Məmmədəli Mehdiyev, Elxan Məmmədov, Erdenebat Bazarraqça (hamısı cüdo), Elçin
Talıbov, Ramil Qasımov, Afaq Sultanova (hamısı paracüdo), Ruslan Lunyov (güllə
atıcılığı, 5 qızıl medal), Ayxan Tağızadə, Ramin Əzizov (hər ikisi taekvondo),
Elvin Mürsəliyev, İslam Abbasov (hər ikisi yunan-Roma güləşi), Mahir
Əmiraslanov, Hacı Əliyev (hər ikisi sərbəst güləş), Nazim Babayev (atletika),
Elçin Muradov, Samir Nəbiyev (2 qızıl medal), Elmir Cəbrayılov və Oloxan
Musayev (hamısı paraatletika) sahib olublar. Rüstəm Orucov, Elmar Qasımov, Nəzakət
Əzizova, Xanım Hüseynova, İrina Kindzerska (hamısı cüdo), Bayram Mustafayev, Kənan
Abdullaxanlı, Sevda Vəliyeva (hər üçü paracüdo), Səbirə Əliyeva (qadın güləşi),
Elçin Muradov, Kamil Əliyev (hər ikisi paraatletika), Orxan Xanlarov (zorxana)
gümüş, Rəsul Çunayev (yunan-Roma güləşi), Orxan Xanlarov (zorxana), Natiq
Talıbov, Rövşən Səfərov, İlham Zəkiyev (hamısı paracüdo), Oloxan Musayev və
Oleq Panyutin (hər ikisi paraatletika) isə bürünc medala layiq görülüblər.Əldə olunan medallardan 14-nü isə idmançılarımız komanda yarışlarında qazanıblar.Təbii ki, klubun idmançılarının bu uğuru
qazanmasında azarkeşlərin, onlara dəstək olanların da böyük payı vardır.
“Neftçi İdman Klubu” idarəetmə aparatının rəhbəri Sadıq Sadıqov və çoxsaylı
kollektivimiz bu günlər ərzində idmançıların yarışlarını müxtəlif arenalarda
canlı izləyərək onlara dəstək olublar və qələbəyə ruhlandırıblar.